Dövlət qurumlarında təlimlər davam edir – FOTOLAR
Təlim-görüşlərdə tanınmış telejurnalist, “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin Sədri Günel Gözəlova bu layihənin həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti təmsilçiləri, həm də media üçün vacibliyindən danışıb: “Biz bu layihənin davamlı olmasına çalışacağıq. Dövlət qurumları əməkdaşları arasında maarifləndirmə işlərinin aparılmasına, bu sahədə dövlət müəssisələrinin beynəlxalq çağırışlara qoşulmasına nail olmaq əsas qayəmizdir. Hökumət və yerli özünüidarəetmə orqanlarının KSM sahəsində illik prioritetlərinin müəyyənləşdirməsinin əsas vəzifələrdən biri olmasını, KSM siyasətini həyata keçirərkən daha çox yerli vətəndaş cəmiyyəti institutları, eyni zamanda media ilə əməkdaşlığa üstünlük verilməsini vacib sayırıq”- deyə İB Sədri bildirib.
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının iştirakı ilə keçirilən iki təlim-görüşə, eyni zamanda media və vətəndaş cəmiyyəti nümayəndələri də qatılıblar. “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin Korporativ Sosial Məsuliyyətin inkişafı üçün etdikləri təkliflərin də yer aldığı videoçarx tədbirdə geniş müzakirə olunub. DSMF əməkdaşları da öz növbələrində təkliflərini bildiriblər.
Daha sonra marketinq, ictimaiyyətlə əlaqələr, reputasiyanın idarə edilməsi və beynəlxalq tədbirlərin təşkili, eləcə də idarə olunmasında ixtisaslaşan Səfər Aslanov təlim keçib.
Qeyd edək ki, “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsinə iyulun 1-dən start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və sentyabrın sonuna qədər davam edəcək. Növbəti təlim-görüşlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyində keçiriləcək.