Palata “Aqroservis”də nöqsanlar aşkarladı

Palata “Aqroservis”də nöqsanlar aşkarladı
  13 Sentyabr 2023    Oxunub:1692
Hesablama Palatası “Aqroservis” ASC və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə, eyni zamanda dövlət sektoru kontekstində düzgünlük aspektlərinə uyğunluq vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə audit aparıb.
Bu barədə AzVision.az -a Palatadan bildirilib. 2020-2022-ci illəri əhatə edən auditin nəticələrinə əsasən pul vəsaitlərinin hərəkəti üzərindən maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 311,2 milyon manat, xaricolmalar üzrə 278,3 milyon manat təşkil edib.

Funksional fəaliyyətin müstəsna hədəfi kimi yalnız kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə kommersiya münasibətlərinin rəsmiləşdirilməsini tələb edən mandata bəzi hallarda əməl edilməyərək kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan ticarət və ya xidmət sahəsinə aid alıcı və sifarişçilərlə də kommersiya sövdələşmələri bağlanıb ki, bu da həmin vasitəçi şəxslərin rentabelliyi hesabına müvafiq malların və ya xidmətlərin son istehlakçısı olan fermerlərdə müəyyən əlavə maliyyə yükünün yaranmasını şərtləndirib.

Dövlət mülkiyyət mənsubiyyətli kommersiya qurumu olmaqla müstəqil gəlir mənbələrinin mövcud olmasına baxmayaraq fəaliyyətin planlaşdırılması çərçivəsində tərtib edilməklə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş smetalar kommersiya fəaliyyətinin planlaşdırılması kimi deyil saxlanma xərclərinin (büdcə təşkilatına analoji) proqnozlaşdırılması kimi formal olaraq rəsmiləşdirilib, o cümlədən mümkün sərbəst mənfəətin istifadə və ya zərərin bölüşdürülməsi istiqamətləri bu və ya digər formada müəyyənləşdirilməyib.

Kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanlarının lizinq yolu ilə satışı üzrə faktiki olaraq 2021-ci ilin mart ayında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüş qalıq portfeldən yığılan vəsaitlərdən 31.12.2022-ci il tarixinə 4,2 milyon manat məbləğində olan hissəsinin maliyyə (mühasibat) uçotu registrlərində kreditor borc kimi əks etdirilməsi və aidiyyəti üzrə (büdcə təşkilatı olan Aqrar Kredit və İnkişaf Agentliyinə) köçürülməsi təmin edilməyib.

Ehtimal olunan qiymətlərin müəyyənləşdirilməsi prosesində alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) təchizatını (işlərin görülməsini və xidmətlərin göstərilməsini) həyata keçirən şəxslərdən sərbəst şəkildə qiymətlər barədə məlumatların əldə olunması imkanlarından səmərəli istifadə edilməyərək 5 milyon manata yaxın dövlət vəsaitinə qənaət etmə imkanları reallaşdırılmayıb.

Auditin gedişatında yerlərdə seçmə qaydada həyata keçirilmiş baxışlar zamanı Ucar Pambıq Emalı Zavodu Kompleksinin əsas tərkib hissələri kimi Yağ emalı zavodunun və Lifsiz toxum istehsalı zavodunun ümumiyyətlə fəaliyyət göstərmədiyi, Pambıq emalı zavodunun istehsal gücündən (potensialından) aşağı səviyyədə istifadə olunduğu aşkar olunub.

Kənd təsərrüfatı texnikalarının “müvəqqəti istifadəyə” və ya “operativ lizinqə (istifadəyə)” verilmə (mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə) predmeti üzrə kənar hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələrdə kənd təsərrüfatı texnikaları ilə konkret hansı təsərrüfatlarda (təsərrüfatların rekvizitlərinin elektron kənd təsərrüfatı informasiya sisteminin data bazası ilə üzləşdirilməklə) və torpaq sahələrində hansı həcmli işlərin və ya xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar hesabatlılıq şərtləri (sistemi) müəyyənləşdirilməmişdir ki, bu da dövlətin resursları ilə kənd təsərrüfatı istehsalçılarının əkin sahələrindəki işlərinə dəstək tədbirlərinin statistik uçotunun etibarlı aparılmadığını deməyə əsas verir.

Müvafiq tapşırığın icrası çərçivəsində 2021-2022-ci illər ərzində əvəzsiz əsaslarla Kənd Təsərrüfatı Nazirliyindən qəbul edilmiş damazlıq heyvanlarının güzəştli şərtlərlə satışından əldə edilmiş 1 mln manat məbləğində vəsaitin aidiyyəti (büdcə təşkilatı olan nazirliyə) üzrə köçürülməsi auditin keçirildiyi müddətin sonunadək təmin edilməyib.

Dövlət büdcəsindən kənd təsərrüfatı texnikasının alınması üçün 2021-ci ildə 10 mln manat, 2022-ci ildə 10 mln manat məbləğində ayrılmış vəsaitlərin, eyni zamanda 2005-2019-cu illər ərzində dövlət büdcəsinin müxtəlif mənbələrindən (eləcə də digər mənbələrdən) maliyyə vəsaitlərinin əvəzsiz əsaslarla ayrıldığı halda həmin daxilolmalar hesabına 01.01.2023-cü il tarixinə uçotda kreditor borc kimi qeyd edilmiş 54,8 mln manat məbləğində vəsaitin nizamnamə kapitalının artırılmasına yönəldilməsi məsələləri üzrə zəruri işlər həyata keçirilməmişdir.

Azərbaycan Dövlət Zona Maşın Sınaq Stansiyasının və Lənkəran Dövlət Maşın Sınaq Stansiyasının 2015-ci ilin aprel ayında, Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodunun isə 2021-ci ilin may ayında Cəmiyyətin tabeliyinə verilməsi şəraitində ayrıca mühasibat uçotu subyektləri olan həmin qurumların müvafiq maliyyə göstəriciləri (hesabatları) üzrə konsolidə edilmiş maliyyə hesabatları tərtib edilməmiş, tabeli qurumların fəaliyyəti daxili nəzarət sisteminin (prosedurlarının) əhatə dairəsinə hər hansı formada daxil edilməmiş, onlarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi müvafiq standartlara uyğun olmamış, nağd əməliyyatların qarşısının alınması, maliyyə (mühasibat) uçotunun proqram təminatları vasitəsilə avtomatlaşdırılması, ilkin sənədləri, ilkin uçot sənədləri və vergi bəyannamələri arasında mövcud olan uyğunsuzluqların vaxtında araşdırılması və aradan qaldırılması təmin olunmayıb.

Cinayət və digər tərkibli əlamətlərlə hüquq mühafizə orqanlarında araşdırılan, məhkəmə orqanları tərəfindən araşdırılmaqla müvafiq qərarlar qəbul edilən debitor borcların günahkar şəxslərdən alınması istiqamətində tədbirlərin gücləndirilməsi, aidiyyəti qurumlarla rəsmi yazışmaların mütəmadi əsaslarla aparılması, eyni zamanda debitor borclarının uzunmüddətli dövr ərzində bağlanmasını təmin etməyən digər şəxslər üzrə cərimələrin tətbiqi, məhkəmə orqanlarında müvafiq iddiaların qaldırılması, kommersiya sövdələşmələrinin dayandırılması kimi təsirli tədbirlərin görülməməsi xüsusi aktuallıq kəsb edib.

Maliyyə (mühasibat) uçotu sənədlərində başa çatdırılmamış (yarımçıq) tikinti obyektləri kimi 31.12.2022-ci il tarixinə ümumi dəyəri 59,7 mln manat məbləğində əks etdirilmiş Ucar Pambıq Emalı Zavodu Kompleksinin və 13 sayda pambıq tədarükü məntəqələrinin auditlə əhatə olunan hesabat illərində inventarizasiyası həyata keçirilməyib.

Auditor toplanmış sübutlara əsaslanaraq kommersiya fəaliyyətinin mandata uyğun yalnız kənd təsərrüfatı məhsullarının istehsalçılarının tələbatına adekvat təşkil edilməməsinə, dövlət əmlakının uçotu və üzərində sərəncamvermə prosedurlarının pozulmasına dair bir sıra hallardan başqa digər audit predmetlərinin tətbiq edilən meyarlar baxımından əsasən uyğun olması ilə bağlı şərti müsbət rəy verib.

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək auditlə əhatə olunan dövr üzrə yol verilmiş bu və digər nöqsan və çatışmazlıqlarla əlaqədar vəsaitlərin bərpasının təmin edildiyini nəzərə almış, qalan digər nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün konkret təkliflər irəli sürüb.

AzVision.az


Teqlər:





Xəbər lenti