Dövlət Xidmətində yoxlama aparılıb, materiallar Prokurorluğa göndərilib

 Dövlət Xidmətində yoxlama aparılıb,  materiallar Prokurorluğa göndərilib
  13 Sentyabr 2023    Oxunub:1237
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış auditlə 2020-2022-ci illər üzrə dövlət büdcəsindən Xidmətə yönəldilən 22214,1 min manat vəsait əhatə olunub.
Bu barədə AzVision.az -a Hesablama Palatasından xəbər verilib. Auditlə əhatə olunan dövrdə Xidmətin nəzarət sahəsinə aid edilən 4331 ədəd daşınmaz tarix və mədəniyyət abidələrinin 87,9%-nin (3809 abidə) pasportlaşması təşkil edilməyib, 94,7%-nin (4102 abidə) mühafizə zonaları təyin edilməmiş, 86,1%-nin (3730 abidə) balans mənsubiyyəti müəyyən edilməyib, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə 17 halda cərimə tətbiq edilməyib, bir sıra hallarda isə tətbiq edilmiş cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.

Xidmət tərəfindən podratçılar və digər icraçılarla bağlanılmış müqavilələrin şərtlərinə tam əməl edilməyib, müqavilənin bitmə müddətinə yaranmış debitor borcun bağlanması təmin edilməyib, satınalma müqaviləsinin müddətində işlərin başa çatdırılmaması fonunda 3 halda podratçıya artıq vəsait ödənilib, işlərin başa çatdırılması müddətinin pozulmasına (gecikməyə) görə 2 halda cərimə məbləği icraçılara tətbiq edilməyib.

Auditlə əhatə olunan obyektlər üzrə layihə-smeta sənədlərinin və yerinə yetirilmiş işlərin qəbulu aktlarının tikinti norma və qaydalarına uyğunluğu təmin edilməyib, əsaslı təmir və yenidən qurma işləri üzrə yerinə yetirilmiş işlərin dəyərinin, həmçinin binaların sökülməsi və mədəniyyət obyektlərində ilkin təmir-bərpa işləri yerinə yetirilmiş iş həcmlərinin qəbul aktlarında əhəmiyyətli dərəcədə artıq göstərildiyi müəyyən edilib.

Xidmətin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub, yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi halları, həmçinin bir sıra satınalma prosedurlarının pozulması halları olub.

Aparılmış inventarizasiya nəticəsində əsas vəsaitlər üzrə çatışmazlıqların müəyyən edilməsi, yaranmış debitor borc məbləğinin uçotdan yayındırılaraq maliyyə hesabatlarında əks etdirilməməsi, yaranan öhdəliyə görə kreditor borc məbləğinin uçotda artırılması və bu kimi halların xarakterik olması, ümumilikdə Xidmət üzrə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, aktivlərin uçotunun aparılması prinsiplərinin pozulması maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində əsaslı risk amillərini formalaşdırılıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının auditi üzrə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti