Vaqif Xaçaturyanın məhkəməsi keçirilib - FOTOLAR
Bildirilib ki, V.Xaçaturyanın hüquqlarını Natiq Bəybalayev müdafiə edəcək. Prosesdə dövlət ittihamçıları Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyevdir.
Prosesdə zərərçəkmiş şəxs qismində isə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov və Meşəli kənd sakini Hüseyn Hümbətov iştirak ediblər. Çıxış edən dövlət ittihamçısı Müqəddəs Sultanov prosesin məhkəmə baxışına verilməsini təklif edib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər məhkəmənin baxış iclasını oktyabrın 17-nə təyin ediblər.
Qeyd edək ki, Vaqif Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.
Xatırladaq ki, Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.
AzVision.az
Teqlər: