Naxçıvan Universiteti bağlanır? - Rektor aydınlıq gətirdi

   Naxçıvan Universiteti bağlanır? -    Rektor aydınlıq gətirdi
  19 Oktyabr 2023    Oxunub:1207
"Bu gün mətbu orqanların birində Naxçıvan Universitetinə verilən lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında məlumatlar paylaşılıb. Lakin bu haqda rəsmi xəbər bizə daxil olmayıb".AzVision.az xəbər verir ki, bu barədə özəl "Naxçıvan" Universitetinin rektoru Anar Kazımovun açıqlamasında qeyd edilib.
"Universitetin bu və ya digər formada fəaliyyətinin davam etdirilməsi təsisçinin verə biləcəyi qərardır. Belə bir qərar olanda rəsmi şəkildə elan ediləcək. Eyni zamanda xəbərdə güya yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb? Naxçıvan Universitetinin Məhərrəm Talıbova nə aidiyyatı olub?

Hər kəsə məlumdur ki, təsisçi dəyişikliyi olandan və mən fevral ayında rektor təyin olunandan sonra əksinə universitetimizdə şəffaf və dinamik mühit yaranıb, neqativ hallar tamamilə yığışdırılıb, tədrisi müasir tələblərə cavab verən formaya gətirmək üçün xeyli addımlar atılıb.

Tələbələrlə mütəmadi görüşlər keçirib və təklifləri dinlənilir. Yerli və xarici ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadilələrinə start verilib. Sabah 20 oktyabrda universitetimiz ilə dünya şöhrətli alim Nobel Mükafatçısı Aziz Sancarla naxçıvanlı tələbələrin və ziyayıların video görüşü olacaq.

Hər kəsdən xahişimiz heç bir rəsmi mənbəyə istinad olmayan xəbərlər paylaşılmasın.
Universitetimiz hər zaman media, mətbuat nümayəndələrinə və ümumiyyətlə, cəmiyyətdə hər kəsə açıqdır.

İnanıram ki, biz əməkdaşlığımızı gələcəkdə belə xəbərlərlə deyil, əsaslı və inkişafa tövhə verəcək xəbərlər əsasında quracağıq. Hər kəsə anlayış üçün minnətdarıq!".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti