Putin Makrona cavab verdi: "Nəticələr daha faciəli olacaq”

      Putin Makrona cavab verdi:    "Nəticələr daha faciəli olacaq”
  29 Fevral 2024    Oxunub:1179
Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə Ukraynaya həsr olunmuş Paris konfransında Moksva əleyhinə səsləndirilən təkliflərə reaksiya verib.
O, Federal Məclisə müraciətində Makronun "Ukraynaya Qərb qoşunları göndərilə bilər" bəyanatına tarixi yada salmaqla cavab verib: "Qərbdə NATO hərbi kontingentinin Ukraynaya göndərilməsi imkanından danışırlar. Vaxtilə öz kontingentini bizim ərazilərə göndərənlərin taleyini xatırlayırıq. Amma indi mümkün müdaxilələrin nəticələri daha faciəli olacaq”.

Rusiya lideri belə hadisələrin tarixdə artıq bir neçə dəfə baş verdiyini vurğulayıb: "Düşündükləri, qorxutduqları hər şey, bütün bunlar həqiqətən nüvə silahı ilə başlayacaq münaqişəni və sivilizasiyanın məhvini təhdid edir. Bunu anlamırlar? Onlar çətin sınaqlardan keçməmiş, müharibənin nə olduğunu artıq unutmuş insanlardır".

Kiyevə qoşun göndərilməsi “fantom müzakirə"lərdir - "The Guardian"
Qeyd edək ki, üç gün öncə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ) ölkələrinin ordu birləşmələrini Ukraynaya göndərməsinin mümkünlüyünü etiraf edib. O, Parisdə Kiyevlə bağlı keçirilən konfransdan sonra deyib ki, toplantıda hətta quru qoşunlarının Ukraynada yerləşdirilməsinə dair imkanlar da müzakirə olunub. Bundan başqa, Fransa lideri Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını bəyan edib.

Paris konfransında qoşunların Ukraynaya göndərilməsi müzakirə olunsa da, avropalı liderlər bu mövzuda konsensus əldə etməyiblər.

Toplantı iştirakçıları arasında Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Hollandiyanın baş naziri Mark Rutte, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin rəhbərləri olub.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Makron  





Xəbər lenti