Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
“Euronews”: Xahiş edirik, ilk növbədə, bizə bugünkü tədbirlərin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafındakı nailiyyətlər və gələcək addımlar barədə danışasınız.
Prezident İlham Əliyev: Bilirsiniz ki, biz bu layihəyə başlayanda bunun necə olacağına dair çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir. Çünki bu gün açılış mərasimində dediyim kimi, bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.
“Euronews”: Bu il həm də çox həlledici ildir. COP29 üfüqdədir. Bu bərpaolunan enerji layihələrinin həyata keçirilməsi həqiqətən də Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yönləndirdiyini göstərir.
Prezident İlham Əliyev: Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.
Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.
“Euronews”: Sizin çıxışınızda bir məqam xoşuma gəldi. Siz söylədiniz ki, neft və qaza malik ölkələr günahlandırılmamalıdır. Qazıntı yanacağına sahib olmaq onların günahı deyil. Siz söylədiniz ki, onlar ətraf mühitin mühafizəsi və yaşıl enerjiyə keçid məsələsi ilə necə məşğul olduqlarına görə qiymətləndirilməlidir. Siz həqiqətən də belə hesab edirsiniz, elə deyilmi?
Prezident İlham Əliyev: Bəli, əlbəttə. Bu işdə bir qədər mövzu dəyişilməlidir. Çünki qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.
“Euronews”: Cənab Prezident, Zati-aliləri, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm.
AzVision.az
Teqlər: Prezident