ABŞ-da bir şey aydındır: heç nə aydın deyil

   ABŞ-da bir şey aydındır:    heç nə aydın deyil
  04 Mart 2024    Oxunub:680
Nikki Heyli paytaxt Vaşinqtonda və Kolumbiya ştatında keçirilən praymeriz və kokuslarda qalib gəlsə də, sabiq prezident Donald Tramp qətiyyətlə qələbəyə doğru irəliləyir. Lakin, onun qələbəsini əngəlləyə biləcək maneələr də mövcuddur.
AzVision.az xəbər verir ki, Nikki Heylinin Vaşinqtonda və Kolumbiya ştatında qazandığı qələbələrə parallel olaraq, Donald Tramp Miçiqan, Missuri və Aydaho ştatlarında keçirilən kokuslarda böyük fərqlə seçicilərin rəğbətini qazanıb. İndi bütün diqqətlər sabah 15 ştatda və bir xarici ərazidə keçiriləcək praymerizlərə və kokuslara yönəlib. Belə ki, prezident seçkilərində kimin respublikaçıların yeganə namizədi olacağını məhz fövqəl çərşənbə axşamı keçiriləcək seçkilər müəyyənləşdirəcək.

Analitiklərin fikrincə, habelə indiyədək baş tutan praymerizlərin və kokusların nəticələrinə görə, Donald Trampın respublikaçıların vahid namizədi seçiləcəyi şübhə doğurmur.

Lakin ölkənin Ali Məhkəməsi onun qalibiyyət marşını əngəlləməyə hazırlaşır. “The Hills” nəşri məhkəmənin dünən yaydığı bəyanata istinadən xəbər verir ki, Konstitusiyanın iğtişaşçıların dövlət vəzifəsi tutmasına qadağa qoyan 14-cü düzəlişinə əsasən, ABŞ Ali Məhkəməsi Donald Trampın seçkilərdə iştirakının qanuniliyi ilə bağlı qərarlardan birini qəbul edəcək.

Məhkəmənin bəyanatının bazar günü, özü də, qərarın elan edilməsinə bir gündən az qalmış ictimaiyyətə açıqlanması, halbuki bu, adətən məhkəmə iclasından bir neçə gün əvvəl edilir, bir çox müəmmalardan xəbər verir. İkinci maraqlı məqam isə, bu qərarın15 ştatda, xüsusən də ştat məhkəməsinin qərarı ilə Trampın adının bülletenə salınmasına qadağa qoyulmuş Koloradoda, partiyadaxili praymerizlərin keçiriləcəyi fövqəl çərşənbə axşamından bir gün əvvəl verilməsidir.

Qeyd edək ki, fevral ayında Ali Məhkəmə Trampın 14-cü düzəliş əsasında Koloradoda ilkin seçkidən kənarlaşdırılması qərarından apellyasiya şikayətinin arqumentlərini dinləyib.
Bu iş, 2021-ci il yanvarın 6-da Kapitolidə baş vermiş qiyamla bağlı hərəkətlərinə görə Trampı seçkidən kənarda saxlamaq üçün ölkə daxilində onun mühakimə olunduğu onlarla işdən biridir. Amma Ali Məhkəmənin hakimlərinin əvvəllər də Trampın adının seçki bülletenindən çıxarılması kimi bir addım atmaqdan çəkindikləri vurğulanır.

Elə bu arada “The New York Times” qəzetinin Siena kolleci ilə birgə keçirdiyi ictimai rəy sorğularının nəticələrinə əsasən , 2020-ci il seçkilərində Co Baydenin hər on tərəfdarından birinin indi respublikaçı namizəd Donald Trampa səs vermək niyyətində olduğu aydınlaşıb. Ötən seçkilərdə onu dəstəkləyənlərin yalnız 83%-i yenidən ona sadiq qalacağını deyib.

2020-ci ildə Trampa səs verənlərin 97%-i isə yenidən öz kumirlərini dəstəkləyəcəyini bildirib və onun keçmiş tərəfdarlarından demək olar ki, heç biri indiki prezidentin düşərgəsinə keçməyə qərar verməyib.

Bundan başqa, sorğunun nəticələri amerikalıların hazırkı administrasiyanın siyasətindən narazı olduğunu göstərir. Vətəndaşların 47%-i prezidentin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini düşünür. Respondentlərin yalnız 25%-i ABŞ-nin düzgün istiqamətdə getdiyinə inanır. Əsas problemlərdən biri kimi vətəndaşlar iqtisadi vəziyyəti önə çəkirlər.
Bu arada keçirilən rəy sorğularından biri isə hazırkı və keçmiş rəqiblərin zehni qabiliyyətinə verilən qiymətləndirmə ilə bağlıdır.

“Associated Press” (AP) agentliyinin sifarişi ilə “NORC Center for Public Affairs Research” mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə , amerikalıların 60%-dən çoxu Co Baydenin yenidən prezident seçilmək üçün zehni qabiliyyətə malik olduğuna şübhə ilə yanaşırlar.

“Təxminən 10 amerikalıdan 6-sı Baydenin zehni qabiliyyətinin ona prezident kimi səmərəli fəaliyyət göstərməsinə imkan verəcəyinə çox və ya qətiyyən əmin olmadığını deyir”, - AP yazır.

Sorğuda iştirak edənlərin yalnız 38%-i Baydenin fəaliyyətini dəstəkləyir, 61%-i isə əks mövqe tutur. Respondentlər əsasən Baydenin iqtisadiyyat, immiqrasiya və xarici siyasət də daxil olmaqla müxtəlif məsələləri necə həll etməsindən narazıdırlar.

Maraqlıdır ki, sorğuda iştirak edənlərin, demək olar ki, 60%-i ABŞ-nin keçmiş prezidenti Donald Trampın da əqli qabiliyyətinə şübhə edirlər .

Fövqəl çərşənbə axşamı praymerizləri və kokusları ərəfəsində Trampla bağlı qərar çıxaracağı barədə Ali Məhkəmənin verdiyi bəyanat və iki sorğunun nəticələri bir daha sübut edir ki, payızda ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı hələ çox gözlənilməz gedişlərin və hadisələrin şahidi ola bilərik.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Bayden  





Xəbər lenti