Xocalının "Mixaylo"sunun bilinməyən qəhrəmanlığı - Xilas etdiyi qız tapıldı

 Xocalının "Mixaylo"sunun bilinməyən qəhrəmanlığı - Xilas etdiyi qız tapıldı
  19 Aprel 2024    Oxunub:2458
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi Tofiq Heynovun doğulduğu günüdür.
T. Hüseynov 1954-cü il aprelin 19-da Xocalıda anadan olub. 1961–1971-ci illərdə orada məktəbə gedib. 1974-cü ildə sovet ordu sıralarına çağırılıb, 1976-cı ildə ordudan tərxis olunub.

1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olub, daha sonra komandir təyin edilib. Onu Xocalıda "Mixaylo" adlandırırdılar.

Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturmuşlar, T. Hüseynov bu ərazini müəyyənləşdirib və ermənilərin qurğularını məhv edib.

Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası partladılıb, ferma darmadağın edilib. Milli Qəhrəmanımız həmin vaxt 10 erməni yaraqlısını əsir götürüb. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilib. "Mixaylo"nun sonuncu döyüşü Xocalıda fevralın 26-da olub. O, son anda axrıncı qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni quldurlarını da partladıb və doğma yurdunda gözlərini əbədi yumub.



Milli Qəhrəmanın qızı Yasəmən Həsənova Xocalı və ilə bağlı xatirələrini saytımızla bölüşüb. O bildirib ki, özündən başqa Əfsanə adlı bir bacısı və Murad adlı bir qardaşı var. Onlar Xocalıda hər iki valideynini itiriblər.

"Anam və atam əslən Xocalıdan idilər. Onlar xalauşaqları olublar. 12 yaşıma qədər Xocalıda olmuşam, hər şeyi xatırlayıram. Evimiz, həyətimiz, məktəbimiz gözümün önündədir. Evimizin qarşısından çay axırdı. İndi o çay quruyub və Xocalı mənim qoyub gəldiyim şəhər deyil.

Ermənilər topla evimizi vurublar deyə yaşanmaz hala gəlib. Söküb yenisini tikəcəklər. Xocalı azad olunandan sonra nə mən, nə də bacım Əfsanə ora gedə bilmədik. Ağır xəstliklə mübarizə aparıram deyə həkimim icazə vermədi. Qardaşıma o yerləri ziyarət etmək qismət oldu.



Tofiq Hüseynov ata kimi çox gözəl insan idi. Ona çox bağlıydıq. Mehriban, gülərüz idi. O vaxtı sarı “Moskviç” maşınımız var idi. Birlikdə yol gedirdik. Qəfildən maşını saxlayıb iki nəfər yaşlı insana yaxınlaşdı və onlarla hal-əhval tutdu. Onun bu hərəkəti məni təəccübləndirdi və atamdan səbəbini soruşdum. Cavab verdi ki, biz həmişə yaşlı insanların könlünü almalıyıq.

Xocalıda 1 nömrəli məktəbdə hərb sahəsi üzrə dərs deyirdi, batalyon komandiri idi. İşinin çox olmasına baxmayaraq, övladlarına da vaxt tapırdı.



12 yaşıma qədər ailəmlə keçirdiyim o xoş günlər ömrümün axırına qədər mənə bəsdir.
Bacım Əfsanə atamla nəfəs alırdı. O, Bakıya gələndə həyətdən evə girmirdik. Deyirdik, atamızı kəndə qayıdanda çöldə qarşılayacağıq. Atamın nənəsinin adını daşıyıram deyə mənə “nənəm” deyirdi. İndi Tofiq hüseynovun adını qardaşım oğlu yaşadır. Anam Məxmirə xanımın adını isə bacımın böyük qızına qoymuşuq".



Yasəmən xanım atasının çətin günlərdə xocalılara dəstəyindən də də söz açıb:

"Bakıdan Xocalılara ərzaq aparırdı. Bəzən isə un kisələrində meşə ilə gecələr silah gətirirdi.

Sonuncu dəfə atamı həyətimizdə gördüm. Krantın qarşısında dayanıb əlini yuyurdu. Buşlatı çiynində idi. Mən də kənardan durub ona baxırdım. Öz-özümə deyirdim, heç kim mənim atamdan yaraşıqlı ola bilməz. Boylu-buxunlu idi. Hərbi paltar ona çox yaraşırdı. Əsgər papağını başına qoymağına qədər xatırlayıram. Onu "Uzaq Sahillərdə"ki "Mixaylo"ya bənzədirəm. Elə sonda özünü Mixaylo kimi partlatdı.



Faciədən 16 il sonra anamın öldürüldüyünü bildim. Ona qədər düşünürdüm ki, əsir götürülüb. Xocalının icra nümayəndəsi Sovet müəllim zəng edib dedi ki, bir şəkil var, orada qətlə yetirilən qadın mənim anama bənzəyir. Birgə baxdıq, məlum oldu ki, həqiqətən də mənim anamdır.

Babamın evinin qarşısında anamın, xalamın iki övladının, qonşuluğumuzda olan iki nəfərin meyitinin şəkli idi. Biz 3 uşaq xalamla birgə çıxmışdıq deyə anamdan ayrı düşmüşdük".



Qızı Tofiq Hüseynovun heç yerdə bilinməyən daha bir qəhrəmanlığından da söz açıb:

Atam Meşəli əməliyyatında iştirak edən hərbçilərdən biri olub. O, Meşəlidə əməliyyat zamanı qundaqda yatan bir körpəni xilas etmişdi.

Özü bizə danışırdı ki, ermənilər azərbaycanlı ailənin evini yandırıblar. Atam həmin evə girib, qundaqda yatan körpəni buşlatının altında gizlədərək evin pəncərəsindən tullanıb. Pəncərədən atılanda onun kürəyi zədələnmişdi deyə göyərmişdi. Ayaqları 3 gün suyun içində qalmışdı, buz kimi idi. Əllərimlə ayaqlarına toxundum, o soyuqluğu hələ də əllərimdə hiss sedirəm. Həmin qız yaşayır və biz bu yaxınlarda onu tapdıq".

Yasəmən xanımın ən böyük arzusu atasının vaxtı ilə Xocalıda işlədiyi məktəbə onun adının verilməsidir.


Əfsanə Hüseynova

Murad Hüseynov

Murad Hüseynov Meşəli qatili Vaqif Xaçatryanın məhkəməsində

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti