Tıxac problemi necə həll ediləcək? - Ekspertlər izah etdi

  Tıxac problemi  necə həll ediləcək? - Ekspertlər izah etdi
  07 May 2024    Oxunub:1665
İctimai nəqliyyatla bağlı problemlər hər gün bir az daha artır. Sərnişindaşımada bəzən gecikmələr, bəzən isə sıxlıq səbəbindən vətəndaşlar mənzil başına gecikir. Səbəb nədir? Problemdən çıxış yolu varmı?
Nəqliyyat eksperti Elməddin Muradlı AzVision.az -a bildirib ki, ictimai nəqliyyatla bağlı problemlərin böyük əksəriyyəti avtobusların sayının azlığı, ümumilikdə isə ictimai nəqliyyat xidmətinin zəif olması ilə bağlıdır.

“Avtobusların intervalı pozulur, sürücülər dayanacağa vaxtında yaxınlaşmırlar. Vətəndaşlar dayanacaqda saatlarla gözləməli olurlar. Bu isə sıxlığa və vaxt itkisinə səbəb olur və nəticə etibarilə ictimai nəqliyyata inam azalır. Ona görə də, əsas hədəf avtobusların sayını artırmaqla ictimai nəqliyyatı gücləndirməyə və etibarı bərpa etməyə yönəldilməlidir. Yoxsa, olmayan şeyləri tərifləmək vəziyyətdən çıxış yolu deyil”.



Ekspertin fikrincə, bu sahədə ciddi addımların atılması vacibdir:

“Dövlət tərəfindən böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Ölkəyə elektrikli avtobusların gətirilməsi ideyası gündəmdədir. Ancaq onların da qiyməti çox bahadır, ən azı 600 min manatdır. Dizel mühərrikliləri isə təxminən 250-300 min manatdır. Bir sözlə problemlərin həlli üçün çox böyük vəsaitə ehtiyac var. Bu vəsaiti dövlət gec-tez xərcləməli olacaq, çünki məsələni başqa cür həll etmək mümkün deyil”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə deyib ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək:

"Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında paylanmasının optimallaşdırılması var. Bununla əlçatanlığın 90%-dən çox artırılması gözlənilir.

Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib.

Avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, tıxaclar və ləngimələr bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır".



Qurum rəsmisinin sözlərinə görə, avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır:

"Eyni zamanda, avtobus üstünlüyünün təmin edilməsi küçənin daşınan əhali sayına görə buraxılış qabiliyyətini artırır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur.

Xüsusi hərəkət zolaqları ictimai nəqliyyatının əsas komponentlərindən biri olmaqla yanaşı, zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır.

Avtobusların hərəkət sürətinin artırılması üçün ayrılmış zolaqlar şəbəkəsi hazırlanır. Yeni zolaqların salınması istiqamətində iş aparılır. Aidiyyəti qurumlarla birgə zolağın effektivliyi təmin edilir.

Həmçinin qeyd edək ki, sıxlıq olan yerlər müəyyən edilməklə fərdi nəqliyyat vasitələrinin istifadəsinin azaldılması istiqamətində işlər görülür".

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti