Almaniyada azərbaycanlı əsirlərin xatirəsinə lövhə açılıb

   Almaniyada azərbaycanlı əsirlərin xatirəsinə lövhə açılıb
  08 May 2024    Oxunub:710
Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya Müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb.
Bu barədə AzVision.az -a Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib.



1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib. Məlumatda qeyd edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib:



"Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib. Səfir Sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığnı qeyd edib. N.Ağayev hər il bir milyondan çox insanın ziyarət etdiyi Daxau Memorial Kompleksində Azərbaycandan olan əsirlərin xatirəsinin əbədiləşdirilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Səfir burada saxlanılmış əsirlərin və onlara qarşı törədilənlərin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib".



Sonra Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Bergauz çıxış ediblər. Çıxışlarda indiki və gələcək nəsillərin Daxauda baş vermiş cinayətlər haqda maarifləndirilməsinin vacibliyi vurğulanıb, bu səpkidə Azərbaycan əsirlərinin xatirəsinin əbədiləşdirilməsinin yüksək önəmi qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti