Bakıda II İSESKO Nazirlər Konfransı keçiriləcək

   Bakıda II İSESKO Nazirlər Konfransı keçiriləcək
  08 May 2024    Oxunub:546
13 – 14 may tarixlərində Bakıda PISA üzrə II İSESKO Nazirlər Konfransı baş tutacaq.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, Nazirlik, Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə baş tutacaq Beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.

Konfransda 30-a yaxın ölkədən 50-dən çox nümayəndə iştirak edəcək.

Konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirməkdir.

Konfrans təqdimat və interaktiv müzakirələr formatında keçiriləcək. Konfrans zamanı iştirakçılar İSESKO-ya üzv ölkələrin kontekst və prioritetləri arasında yaxınlaşma və divergensiya sahələrini, qiymətləndirilən bacarıq və sahələr, həmçinin beynəlxalq qiymətləndirmələrin kontekstual məlumattoplama üsullarını və metodologiyalarını araşdıracaqlar.

Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür.

AzVision.az


Teqlər: İSESKO   konfrans  





Xəbər lenti