Baş Prokurorluqda Ulu Öndərin anadan olmasının ildönümü qeyd olunub - FOTOLAR

   Baş Prokurorluqda Ulu Öndərin anadan olmasının ildönümü qeyd olunub -    FOTOLAR
  08 May 2024    Oxunub:687
Mayın 8-də Baş Prokurorluqda müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, tədbirdə Baş Prokurorluğun rəhbərliyi və prokurorluq əməkdaşları ilə yanaşı, Milli Məclisin Sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və digər deputatlar, eləcə də media nümayəndələri iştirak ediblər.

İştirakçılar Baş Prokurorluğun inzibati binasındakı Ulu Öndərin büstü önünə gül dəstələri qoyub, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla anıblar.

Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyev və ölkəmizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra isə Dövlət Himni səsləndirilib.

Baş prokuror Kamran Əliyev çıxış edərək müstəqil Azərbaycanın qurucusu və memarı, dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına malik Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və dərin dövlətçilik təcrübəsindən bəhs edib, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasını diqqətə çatdırıb.

Baş prokuror qeyd edib ki, Azərbaycan xalqına əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olub və millətinə rəhbərlik edib.

Qeyd olunub ki, dahi dövlət xadimi uzaqgörənliliyi, siyasi müdrikliyi, əyilməz iradəsi və qətiyyəti, ən əsası – milli ümumxalq həmrəyliyi nəticəsində müstəqil Azərbaycanı hazırki və gələcək nəsillər üçün qoruyub saxlayıb və müasir inkişaf yoluna çıxarıb. Prezident İlham Əliyevin davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan qalib dövlətə çevrilib. Onun qətiyyətli siyasi iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağ düşmən işğalından azad edilib və dövlətimizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi mərhələnin başlanğıcı olub.

Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə qısa müddətdə işğaldan azad edilmiş torpaqlarımızda sürətli bərpa və yenidənqurma işlərinin icra edildiyini bildirən Baş prokuror görülən titanik fəaliyyətin hər bir vətəndaşımıza qürur və sevinc, dünya dövlətlərinə isə heyrət hissi yaşatdığını vurğulayıb.

Daha sonra tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov və Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən respublikamızda ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Ölkədəki ekoloji problemlər həmişə xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyənləşdirilmiş prioritetlər üzrə mütəmadi olaraq silsilə tədbirlər görülüb.

Sonda Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş olunub.

AzVision.az

Qalereya




Teqlər: Ulu-Öndər   ildönümü   Baş-Prokurorluq  





Xəbər lenti