ŞKTC parlamentinin və hökumətinin nümayəndələri iki ölkə arasında əlaqələrin daha da fəallaşacağına əminliklərini ifadə edərək Azərbaycanı qardaş və dost ölkə adlandırıblar.
Baş nazir Ünal Üstəl ayrı-ayrı ölkələrin qarşısında duran problemlərin həlli üçün Türk dünyasında həmrəyliyin möhkəmləndirilməsinə çağırış edib.
Öz növbəsində Şimali Kiprin xarici siyasət idarəsinin rəhbəri Təhsin Ərtoğruloğlu Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfərini xatırladıb. Nazir Azərbaycan parlamentarilərini Şimali Kipr Türk Cümhuriyyətinin problemlərinin həlli istiqamətində göstərilən səylər barədə məlumatlandırıb. O, diqqəti ŞKTC-nin tanınmaması məsələsində dünyanın müxtəlif dövlətlərinə təzyiq edən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin mövqeyinə cəlb edib.
Ərtoğruloğlu Şimali Kiprin müstəqil və suveren dövlət kimi tanınmasında qətiyyətli olduqlarını vurğulayaraq Lefkoşaya təzyiqin yolverilməzliyini qeyd edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavanşir Feyziyev bildirib ki, Şimali Kipr xalqının ölkələrinin müstəqilliyinin tanınmasına tam hüququ var.
“Kipr türkləri onilliklər ərzində dezinformasiya, təzyiq və məhdudiyyət ilə mübarizə aparıblar. Bu ədalətsizliyin aradan qaldırılması böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, Azərbaycan kimi, Şimali Kipr də sınaqlardan üzüağ çıxacaq. ŞKTC-nin müstəqilliyi bütöv Türk dünyası üçün vacibdir”, - parlamentari bildirib.
O, Şimali Kiprin məqsədlərinə nail olmasında Türkiyəni mühüm amil adlandırıb.
Azərbaycan parlamentariləri, həmçinin ŞKTC parlamentinin iclas zallarında olub, dost ölkənin deputatları ilə söhbət ediblər.
AzVision.az