Rəisinin prezidentliyi dövründə baş verən ən səs-küylü hadisələr

 Rəisinin prezidentliyi dövründə baş verən  ən səs-küylü hadisələr
  21 May 2024    Oxunub:1213
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisi helikopter qəzasında həyatını itirib.
Helikopterin göyərtəsində, eyni zamanda xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi də olub.

İbrahim Rəisi 1960-cı il dekabrın 14-də İranın Məşhəd şəhərində ruhani ailəsində anadan olub. 1975-ci ildə Qum şəhərində seminariyaya daxil olur. Onu bitirdikdən sonra Tehranda beynəlxalq özəl hüquq üzrə təhsil alıb. O, tələbəlik illərində monarxiyanın devrilməsi ideyalarını dəstəkləyib, 1978-1979-cu illər İslam İnqilabında iştirak edib.

1980-1994-cü illərdə İranın müxtəlif şəhərlərində prokuror vəzifəsində çalışıb. 1988-ci ildə o, İran siyasi məhbuslarının kütləvi edamlarının əsas təşkilatçılarından biri olub. Bu işdəki əsas roluna görə Rəisi “Tehran qəssabı” və “1988-ci ilin cəlladı” ləqəbini qazanıb.

Daha sonra 2004-cü ilə qədər İran Baş Müfəttişliyinə rəhbərlik edib. 2014-2016-cı illərdə İranın baş prokuroru olub. 2021-ci ildə ölkənin prezidenti vəzifəsinə seçilib.

İranlılar hesab edirdi ki, ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi Rəisinin timsalında ən yüksək vəzifədə özü üçün xələf hazırlayırdı. İbrahim Rəisi İslam şəriətini dövlətin və hakimiyyətin əsası hesab edirdi, İranın Qərblə və ABŞ ilə yaxınlaşmasına qarşı bir mövqeyə sahib idi.
Rəisinin prezidentliyi dövründə baş verən ən səs-küylü hadisələr bunlardır:

▪️ 16 sentyabr 2022-ci il - 22 yaşlı kürd əsilli qız Məhsa Əmininin ölümü ilə bağlı ümummilli etirazların başlaması;
▪️ 4 iyul 2023-cü il - İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olması;
▪️ 23 avqust 2023-cü il - İran BRİKS-ə qoşulur;
▪️ 10 mart 2023-cü il - Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin bərpası;
▪️ 12 oktyabr 2023-cü il - Sudanla diplomatik əlaqələrin bərpası;
▪️ 25 dekabr 2023-cü il - İranın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət zonasına qoşulması haqqında sazişin imzalanması;
▪️ 14 aprel 2024-cü il - İranın 300 pilotsuz təyyarə, qanadlı və ballistik raketlərdən istifadə edərək İsrail ərazisinə ilk birbaşa hücumu.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti