Vaşinqton: “ABŞ silahları artıq Rusiyaya zərbələr endirir”

   Vaşinqton: “ABŞ silahları artıq    Rusiyaya zərbələr    endirir”
  10 İyun 2024    Oxunub:959
Ukrayna Amerikanın verdiyi silahlardan artıq Rusiya ərazilərinə zərbələr endirmək üçün istifadə edir.
AzVision.az bildirir ki, öz şefi Co Baydenin buna razılıq verdiyini deyən ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan belə deyib. Onun iddiasına görə, bilavasitə Rusiya daxilindəki hədəflərə zərbələr endirmək üçün ABŞ-nin verdiyi silahların istifadəsinə qoyulan məhdudiyyətləri Vaşinqton qismən ləğv edəndən sonra Rusiyanın Xarkova hücumu dayanıb.

ABŞ diplomatiyasının rəhbəri Entoni Blinken isə Amerika silahlarının Rusiya ərazisinə hücumlarının spektrinin artacağını bəyan edib.

Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin briqada generalı, “Mərkəz” Hava Qüvvələri komandanlığının rəsisi Sergey Qolubtsov Ukraynanın alacağı Amerika istehsalı olan F-16 qırıcılarının bəzilərinin xaricdəki hava bazalarında yerləşdiriləcəyini açıqlayıb. Onun sözləriunə görə, bu F-16-ların Ukrayna bazalarında hədəfə çervrilməsinin qarşısını almaq üçün ediləcək və onlar “lazım gələrsə, nasaz təyyarələri əvəzləmək üçün” ehtiyatda saxlanılacaq.

“Belə ki, biz daim istifadə edəcəyimiz pilotların sayına uyğun gələn müəyyən sayda təyyarəyə sahib ola bilməyimizi nəzərdə tuturuq”, - ukraynalı general “Azadlıq Radiosu”na müsahibəsində deyib.

Sergey Qolubtsov Ukraynada və ondan kənarda neçə F-16 qırıcısının olacağını açıqlamasa da, Kiyevin onları yerləşdirmək üçün artıq bir neçə aerodromu hazır vəziyyətə gətirdiyini, hətta ilin sonuna kimi, eləcə də 2025- ci ildə neçə qırıcı alacağından xəbərdar olduqlarını deyib.

Ukraynanın Belçika, Danimarka, Hollandiya və Norveçdən ümumilikdə 60-dan çox F-16 qırıcısı alacağı ehtimal edilir. May ayında ukraynalı pilotların ilk partiyası ABŞ-da F-16-nı idarə etmək üçün təlim də keçib. Hollandiya F-16-larının Kiyevə təhvil verilməsinə bu ilin ikinci yarısında başlanacağı gözlənilir. F-16-ların Rusiya ərazilərinə hücumu təqdirində Moskva onları vurmaq hüququna malik olduğunu açıqlayıb.

Bu arada ötən il aprelin əvvəllərində NATO-ya daxil olan Finlandiyanın Müdafiə qüvvələrinin hərbi iqtisadiyyat idarəsinin rəhbəri, general-leytenant Mikko Heyskanen ölkəsinin Ukraynaya ən yeni silah növləri tədarük etdiyini söyləyib.

- Helsinki Ukrayna ordusuna təkcə arsenallardan köhnəlmiş avadanlıqlar deyil, həm də “ən son yeniliklər” göndərir. Onların bəziləri hətta silahlanma arsenalına qəbul olunmasa da, hazırlanmaq mərhələsindədir”, - Heyskanen deyib.

Onun sözlərinə görə, qarşılıqlı əlaqəni dəstəkləyən Kiyev Finlandiyanın tədarük etdiyi silahların keyfiyyətini müsbət qiymətləndirir.

Sahil İsgəndərov
AzVision.az





Teqlər: ABŞ   Ukrayna   Rusiya  





Xəbər lenti