"F-16"lar müharibənin gedişatını dəyişəcəkmi?

 "F-16"lar müharibənin  gedişatını dəyişəcəkmi?
  19 İyun 2024    Oxunub:8725
Ağ Ev Vaşinqtonun Kiyevə verəcəyi F-16 təyyarələrinin Ukrayna ərazisində yerləşdiriləcəyini bildirib.
Təxminən 10 gün əvvəl Ukrayna ordusunun Hərbi Hava Qüvvələri komandanlığının rəisi Sergey Qolubtsov Qərbin Kiyevə vəd etdiyi F-16 qırıcılarının bir hissəsinin xaricdəki təhlükəsiz aerodromlarda yerləşdiriləcəyini açıqlamışdı. O, həmin ytəyyarələrin Rusiyanın hədəfinə çevrilməsinə imkan verməmək üçün belə qərara gəlindiyini söyləmişdi. Ağ Evin bəyanatından məlum olur ki, Qolubtsovun sözləri Amerika təyyarələrinə şamil edilmir.

Bundan əlavə, yazılı razılaşmalara və müqavilələrə rəğmən, Vaşinqton “Patriot” raketlərinin tədarükündə İsveçrəyə deyil, Ukraynaya üstünlük verib. İsveçrə hökuməti ötən ilin payızında ABŞ-a 340 milyon dollar dəyərində “Patriot PAC-3” (Patriot Advanced Capability-3) raketləri sifariş edib. Lakin cəbhədəki ağır vəziyyəti nəzərə alan Vaşinqton, bu raketlərin ilk növbədə Kiyevə veriləcəyi, Cenevrənin isə onun sifarişini daha çox gözləməli olacağı qərarına gəlib.

“İsveçrənin nə qədər gözləməli olacağı hələ də bəlli deyil: qlobal tələbat hazırda “Patriot” tipli idarə olunan raketlərin istehsal gücünü xeyli üstələyir”, - "Blick" agentliyi vurğulayıb.

Lakin Qərbin Ukraynaya böyük həcmdə hərbi dəstəyi, xüsusən də F-16 qırıcı təyyarələri verməsi fonunda yaranmış eyforiyanın üstünə Böyük Britaniyanın “Krallıq Birləşmiş xidmətlər insititutu”nun (RUSİ) analitiki Castin Bronk soyuq su töküb.

“Ukrayna ümid edir ki, F-16 qırıcıları ona cəbhə bölgəsinə hərəkəti lazer şüası ilə idarə olunan bombalarla (KAB) zərbə endirən Rusiya təyyarələri ilə döyüşməyə imkan verəcək. Ancaq bunu etmək son dərəcə çətin olacaq”, - britaniyalı ekspert yazdığı məqalədə bildirib.


O, Rusiya təyyarələrinin cəbhə xəttindən 60-70 km aralıda yüksəklikdən bombalar atdıqlarını və həmin təyyarələrin Ukraynanın yerüstü hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən tutula biləcəyindən uzaq olduğuna diqqət çəkib. F-16-ların Rusiya təyyarələrini tuta biləcəyinə ümid olsa da, bu məsələdə Rusiyanın yerüstü HHM sistemi ciddi problem yaradır.

Rusların zenit raketlərinin zərbəsi altına düşməmək üçün Ukrayna təyyarələri hətta cəbhə xəttindən arxa bölgələrdə də aşağı hündürlükdə, cəbhə yaxınlığında isə, demək olar ki, yer səthi səviyyəsində uçmalıdırlar.

Ukraynanın F-16-lar üçün uçuş məsafəsi 160 km olan AIM-120D “hava-hava” raketləri ala bilməsi mümkündür. Bu baxımdan, ukraynalı pilotlara Rusiyanın HHM-nin əhatə dairəsinə düşmədən rus bombardmançılarını vurmağa imkan verəcəyini də düşünmək olar. Amma praktikada AIM-120 öz nominal diapazonunu nümayiş etdirə bilməyəcək, çünki, ukraynalılar hələ də son dərəcə aşağı hündürlüklərdə uçmağa məcburdurlar.

- Belə aşağı hündürlüklərdə raketlər sıx havada yüksək aerodinamik müqavimətlə işə düşür və hədəflərinin yerləşdiyi hündürlüyə çatmaq üçün cazibə qüvvəsinə qarşı çıxmalı olur. Nəticədə, uçuşun ilk bir neçə saniyəsindən sonra raket mühərrikləri sönənə qədər, yüksək hündürlüklərdə və səsdən yüksək sürətlə uçan döyüş təyyarəsinin sürətinə və ya hündürlüyünə malik olmayacaq”, - Castin Bronk vurğulayıb.

Onun sözlərinə görə, aşağı hündürlükdən buraxılan AIM-120 raketi potensial maksimum uçuş məsafəsinin onlarla kilometrini itirir. Praktikada bu, Rusiya bombardmançılarının həmin raketlərin əhatə dairəsindən kənarda qalacağı anlamına gələ bilər.

Bu problemin mümkün həlli optimal şəraitdə 200 km-ə qədər uçan Avropanın istehsal etdiyi “Meteor” kimi daha uzaqmənzilli “hava-hava” raketi ola bilər. Amma “Meteor” raketləri nə F-16-ya, nə də Fransanın Ukraynaya vəd etdiyi “Mirage 2000-5” döyüş təyyarələrinə uyğun gəlir.

Nəzəri baxımdan, Ukraynaya verilə biləcək və “Meteor”u da daşımaq gücündə olacaq yeganə döyüş təyyarəsi İsveçin istehsal etdiyi “JAS-39 Gripen”-dir. Lakin Ukrayna Silahlı Qüvvələrinin logistika imkanlarını istismarda olan geniş çeşidli təyyarələrlə yükləməmək üçün ukraynalılar ilk F-16 partiyalarını alana qədər Stokholm bu təyyarələrin Kiyevə verilməsini dayandırıb.

Sahil İsgəndərov
AzVision.az





Teqlər: Ukrayna   ABŞ   Rusiya  





Xəbər lenti