Paşinyan: “KTMT Ermənistanın suverenliyinə təhdiddir”

   Paşinyan:    “KTMT Ermənistanın suverenliyinə təhdiddir”
  18 Sentyabr 2024    Oxunub:1071
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə "geri dönüşü olmayan bir yola" yaxın olduğunu deyib.
Paşinyan iddia edib ki, KTMT Ermənistanın suverenliyinə təhlükə yartadığına görə İrəvan bu qurumda iştirakını dondurub.

“Biz KTMT-yə üzvlüyümüzü təkcə ona görə dondurmuşuq ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öz öhdəliklərini yerinə yetirmir. Həm də ona görə ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır”, - Nikol Paşinyan ikinci Ümumdünya erməni sammitində çıxışı zamanı deyib.

Eyni zamanda, İrəvanın nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə iqtisadi əlaqələri kəsmək niyyətində olmadığını bildirən Paşinyan, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə ticarət dövriyyəsini artıracağını vurğulayıb. Onun sözlərinə görə, respublikanın hakimiyyət orqanları Aİ-yə daxil olmaq üçün münasib məqamın yetişdiyini görsələr, bu fürsəti əldən verməyəcəklər.

Xatırladaq ki, bu ilin fevral ayında Nikol Paşinyan Ermənistanın KTMT-də öz iştirakını dondurduğunu açıqlayıb. Belarusu Azərbaycana kömək göstərməkdə günahlandıran Paşinyan, Ermənistanın ərazi bütövlüyü məsələsində tərəfdaşlarının mövqeyinin İrəvanı qane etməyəcəyi təqdirdə ölkəsinin KTMT-dən çıxa biləcəyini də söyləyib. Paşinyan onu da bildirib ki, Ermənistan bu il Aİ-yə daxil olmaq istəyir.

Bu ilin iyulunda Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirləri Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq hərbi (!) yardımın ayrılması qərarını təsdiqləyiblər ki, bu da Azərbaycanın haqlı narazılığına səbəb olub. Təsadüfi deyil ki, Rusiyanın Xarici İşlər nazirliyi bu qərarı geosiyasi hesablama və fəndgirlik adlandırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Paşinyan   Ermənistan   KTMT  





Xəbər lenti