The Hill: “Qonşuları Rusiyadan daha qorxmurlar”

      The Hill:    “Qonşuları Rusiyadan daha qorxmurlar”
  02 Oktyabr 2024    Oxunub:1014
Ukraynadakı 30 aylıq “ətçəkən maşında” Kremlin böyük itkilərlə nəticələnən ildırım sürətli müharibəsinin fəlakətli uğursuzluğu Rusiyanın digər qonşularını da Moskvanın mümkün işğalına müqavimət göstərə biləcəklərinə inandırıb.

AzVision.az xəbər verir ki, Amerikanın “The Hill” jurnalında dərc olunan məqalədə, Qərbin qiymətləndirməsinə görə, UkraynadaRusiyanın 200 min əsgərinin öldürüldüyü, 400 min əsgərinin isə yaralandığı bildirilir. Əsas hərbi texnika növləri üzrə itkilərin də astronomik səviyyədə olduğu iddia edilir.

Bu vəziyyət, həmçinin Ukraynanın Qara dənizdəki uğurları və Rusiyanın hərbi obyektlərinə və neftayırma zavodlarına dərin zərbələr endirməsi Rusiyanın digər rus qonşularını, xüsusilə də Estoniyanı ruhlandırıb.

Hələ ötən ayın ortalarında Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vahur Karus yerli mətbuata müsahibəsində ölkənin müdafiə doktrinasında dəyişiklik edildiyini açıqlayıb. Əvvəlki plana əsasən ölkənin ruslar tərəfindən işğalına və ya NATO müttəfiqlərinin gücləndirmə qüvvələri tərəfindən xilas edilməsinə qədər 10 gün duruş gətirmək nəzərdə tutulurdusa, indi Estoniya ordusunun tam başqa planı var.

“Bu, Ukraynadakı müharibənin bir çox NATO müttəfiqlərinə gətirdiyi dəyişikliklərlə bağlıdır. Başımıza ağır çəkicin vurulmasını gözləyə bilmərik, amma müəyyən işləri ilk növbədə biz görməliyik”, - Vahur Karus vurğulayıb.

“The Hill” jurnalı onun bu sözlərini Estoniyanın iki ölkə arasında münasibətlərin qaynama nöqtəsinə çatacağı təqdirdə Rusiyaya qarşı qabaqlayıcı işğal həyata keçirmək niyyəti kimi qiymətləndirib. Məqalənin müəlliflərinin fikrincə, əgər Estoniya belə düşünürsə, o zaman Latviya, Litva, Azərbaycan, Qazaxıstan və Özbəkistan, ola bilsin ki, bir neçə digər keçmiş sovet respublikaları da belə hisslərlə yaşayıralr.

Nəşr qeyd edir ki, müharibə zamanı 60 minlik şəxsi heyəti hərbi əməliyyatlara cəlb edə bilən Estoniya ordusu NATO-nun dəstəyi sayəsində sərhəd zonasında Ukrayna-Rusiya sərhədindəki Kursk bölgəsində baş tutan əməliyyata oxşar müdaxilə həyata keçirməyə qadirdir.

“Bir sözlə, Putin çox parlaq şəkildə Rusiyanı nəinki ikinci və ya üçüncü dərəcəli səviyyəyə endirməyi, həm də onu potensial düşmənlərlə əhatə etməyi bacardı”, - nəşr vurğulayır.

Bu arada “Delfi” portalı Latviyanın Müdafiə naziri Andris Sprudsa istinadən Riqanın Rusiya ilə həmsərhəd olan Latqaliya bölgəsində hava hücumundan müdafiə (HHM) sistemini gücləndirdiyini xəbər verib.

Latviya hakimiyyətinin məlumatına görə, sentyabrın 7-də Latqaliyanın Rezekne şəhəri yaxınlığında pilotsuz təyyarənin düşməsi ilə əlaqədar belə qərar qəbul edilib.

Yeri gəlmişkən, Estoniyanın keçmiş baş naziri Kaya Kallasın təxminən iki aydan sonra Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi postunu tutacağından sonra Moskva-Tallin və Moskva-Brüssel münasibətlərinin daha da kəskinləşəcəyi proqnozlaşdırılır. Belə ki, xanım Kallas ifrat anti-Rusiya mövqeyi ilə tanınan qərbli siyasətçilərdən biridir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Estoniya   qorxu  





Xəbər lenti