Ekspert Türkiyəni Rusiya ilə ortaq bank yaratmağa çağırıb

   Ekspert Türkiyəni Rusiya ilə    ortaq bank    yaratmağa çağırıb
  10 Oktyabr 2024    Oxunub:770
ABŞ-nin sanksiya təzyiqi fonunda Ankara üçüncü ölkələr vasitəsilə Türkiyə-Rusiya ticarət mexanizmlərini gücləndirməli və mütləq Moskva ilə ortaq bank yaratmalıdır.
AzVision.az xəbər verir ki, türkiyəli ekspert Sərhad Lətifoğlu belə təkliflə çıxış edib.

Bundan əvvəl Rusiya mediası Türkiyə banklarının Rusiya ilə əməliyyatlara görə ABŞ tərəfindən artan təzyiq altına düşdüyünü və mütəmadi olaraq köçürülən vəsaitlərin mənbələrinə ciddi nəzarətin zəruriliyi ilə bağlı xəbərdarlıqlar aldıqlarının yazmışdı.
Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov, öz növbəsində, Türkiyə banklarında malların tranziti ilə məşğul olan şirkətlərin “sıxışdırılması”, tez-tez onların pul köçürmələrinin bloklanması və hesablarının bağlnaması hallarının baş verdiyini bildirib.

Türkiyəli iqtisadi şərhçi Mustafa Rəcəp Erçin isə Rusiya mediasına müsahibəsində ABŞ-nin Rusiyaya qarşı sanksiyaları nəticəsində Türkiyə banklarının bu ilin 8 ayı ərzində ixracdan iki milyard dollara yaxın gəlir itirdiyini iddia edib.

Türkiyə SWIFT sistemindən çıxarıla bilər
Qeyd edək ki, Türkiyənin “Vatan” partiyasının sədr müavini Hakan Topkurulu Rusiya ilə aktiv ticarət əməkdaşlığına görə ABŞ-nin Türkiyəni beynəlxalq SWIFT ödəniş sistemindən çıxarmaq və ümumilikdə dollarla ödənişləri kəsməklə hədələdiyi barədə açıqlama verib.

Türkiyəli analitik Sərhat Lətifoğlu yaranmış vəziyyətdən çıxış yolunu Türkiyə ilə Rusiyanın ortaq bank yaratmasında görür.

“ABŞ Türkiyə ilə Rusiya arasında ticarətə mane olmaq üçün bank sektoruna təzyiq göstərir. Bu təzyiqin yaxın gələcəkdə də davam edəcəyi şübhəsizdir. Türkiyə ilə Rusiya arasında üçüncü ölkələr vasitəsilə ticarət mexanizmlərini gücləndirmək lazımdır. Biz bu mexanizmləri dünya bazarlarında görürük. Pul köçürmələri probleminə gəlincə, ortaq Türkiyə-Rusiya bankının yaradılması məsələsi aktuallaşır. Bu, problemin əsas həlli olacaq”, - Lətifoğlu vurğulayıb.

Yeri gəlmişkən, Rusiyanın “VTB (Vneştorqbank)” bankının rəhbəri Andrey Kostin də əvvəllər milli və rəqəmsal valyutalara əsaslanan mexanizmin yaradılmasının Rusiya və Türkiyə arasında bank problemlərinin həlli ola biləcəyini qeyd etmişdi.
Sərhad Lətifoğlu onu da diqqətə çatdırıb ki, Ankara ilə Vaşinqton arasında ticarət dövriyyəsinin artması fonunda mediada Türkiyə-ABŞ münasibətlərində müəyyən “yumşalma” təəssüratı yaradılır.

- Ancaq unutmayın ki, Türkiyə hələ də CAATSA (“Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsi ilə mübarizə”) sanksiyaları altındadır və onların aradan qaldırılması üfüqdə müşahidə olunmur”, - türkiyəli analitik vurğulayıb.

Xatırladaq ki, 2017-ci ildə Türkiyə Rusiya ilə 2019-cu ilin yay-payız aylarında aldığı S-400 zenit-raket komkleksi (ZRK) dəstinin tədarükü ilə bağlı müqavilə bağladı. Eyni zamanda Vaşinqton Rusiya ZRK-larından ABŞ istehaslı olan “Patriot” raket sistemlərinin xeyrinə imtina edilməsi tələbini irəli sürsə də, Ankara bununla razılaşmadı. Cəza tədbiri kimi Vaşinqton Türkiyəni ən müasir F-35 qırıcılarının tədarükü proqramından kənarlaşdırmaqla yanaşı, CAATSA qanununa əsasən, Türkiyənin hərbi-sənaye kompleksinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq etdi.

F-35 layihəsi üzrə Türkiyə ilə birgə memorandumu ləğv edən ABŞ bu müstəvidə digər yeddi tərəfdaşla - Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə müştərək sənəd imzaladı.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra ABŞ-nin beşinci deyil, dördüncü nəsil F-16 qırıcılarını almaq təklifini açıqladı. Türkiyə lideri, həmçinin Ankaranın F-35 alınması üçün bu layihəyə yatırdığı 1,45 milyard dolları ABŞ-dən geri almaq üçün addımlar atacağını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Türkiyə   Rusiya   ortaq-bank  





Xəbər lenti