Acı etiraf: “ABŞ Ukraynanı qurban verir”

      Acı etiraf:    “ABŞ Ukraynanı qurban verir”
  18 Oktyabr 2024    Oxunub:1283
Ukrayna prezidenti Volodimir Zelenski müttəfiqləri döyüş meydanında Ukrayna qoşunlarını əvəz edə biləcək hərbi kontingentlərin hazırlanmasına başlamağa çağırıb.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti NATO-nun yeni baş katibi Mark Rütte ilə keçirdiyi birgə brifinqrdə belə deyib.

“Bütün ölkələrə bizim mesajımız belədir: briqadalar hazırlayın, onlar ehtiyatda ola bilər və bizim yorğun əsgərlərimizi, döyüş meydanında onları əvəz edə bilərlər”, - Zelenski vurğulayıb.

Xatırladaq ki, ilk dəfə NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü barədə Fransa prezidenti Emmanuel Makron bu ilin fevralında açıqlama vermişdi. Lakin Kiyevin əksər müttəfiqləri, o cümlədən ABŞ və Almaniya açıq şəkildə bu ideyanın əleyhinə çıxdı. NATO-nun keçmiş baş katibi Yens Stoltenberq də belə variantı istisna edib. Eyni zamanda, NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer vurğulayıb ki, alyansa üzv olan istənilən ölkənin qoşunlarının Ukraynaya göndərilməsi məsələsi bütün blok tərəfindən müzakirə edilməlidir.

Volodimir Zelenski, həmçinin “Financial Times” qəzetinə müsahibəsində Rusiyanın işğal etdiyi ərazilərin Ukraynanın NATO-ya üzvlüyü üçün mübadiləsini nəzərdə tutan sazişi təbliğ edən Qərb rəsmilərinin onunla məsləhətləşmədiyini deyib. Ukrayna prezidentinin fikrincə, onlar bu barədə açıq danışmaqdan qorxurlar.

- İnsanlar bunu bizə heç vaxt deməyiblər. Bu barədə mənimlə danışmaqdan qorxurlar. Qoy bu məmurlar hansısa üçüncü tərəf vasitəsilə deyil, açıq şəkildə təkliflərini masanın üstünə qoysunlar. Bizimlə danışın”, - Ukrayna prezidenti bildirib.

Onun iddiasına görə, Ukraynanın NATO-ya dəvət alması müharibənin bitməsi üçün Kiyevin diplomatik imkanlarını gücləndirir.

“NATO-ya dəvət almasaq biz çox güclü ola bilmərik. Bu müharibə Putin təcrid olunanda və digər partnyorlar tərəfindən diplomatiyaya sövq ediləndə bitəcək. Dəvət NATO-ya doğru daha bir addım deməkdir, yəni bizim övladlarımız heç vaxt ölməyəcək. Çünki biz NATO-nun üzvü olacağıq. Əgər NATO-ya dəvət almasaq, mənəvi gücümüz düşməyə başlayacaq”, - Volodimir Zelenski vurğulayıb.

NATO-nun qapıları Ukrayna üçün hələlik bağlıdır
Lakin ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culiani Smitin bu məsələ ilə bağlı verdiyi açıqlama Zelenskinin iddialarının ən azı yaxın perspektivdə reallaşmayacağını sübut edir.
İsrailin və Ukraynanın apardığı müharibələrdə qarşı tərəfə raket zərbələrinin endirilməsində Vaşinqtonun tutduğu selektiv mövqe də Kiyevə yaxşı heç nə vəd etmir.

- Niyə ABŞ və Böyük Britaniya Ukraynadan fərqli olaraq İsrail üzərində İran raketlərini vurmağa kömək edir və bu həftə ABŞ orada onlarla Amerika əsgərinə xidmət edəcək qabaqcıl HHM sistemlərini yerləşdirməyə başlayıb? Səbəb sadədir: Rusiyanın nüvə silahı var, İranın isə yox. Ukraynalıların xoşuna gəlməyən, lakin təəssüf ki, qarşısının alınması mümkün olmayan sərt həqiqət belədir. Biz Tehranla nüvə müharibəsinə gətirib çıxara biləcək birbaşa müharibəyə səbəb olmadan İsrail üzərindən İran raketlərini vura bilərik. Bu Rusiyaya qarşı edilsə, risk daha yüksək olacaq”, - Ukrayna mövzusu ilə məşöul olan senatorlardan birinin köməkçisi deyib.

Kollektiv Qərbin lider dövlətlərinin belə yanaşması həqiqətən də ukraynalıların xoşuna gəlmir və onlar Kiyevin tərəfdaşlarının hərəkətlərindən təəssüfləndiklərini gizlətmirlər.


“Moskva ilə eskalasiyanın qarşısını almaq üçün ölkəsinin və vətəndaşlarının qurban verildiyini görmək sadə bir Ukrayna vətəndaşı üçün çox üzücüdür”, - Kiyevdəki Milli Strateji Araşdırmalar İnstitutunun hərbi və hərbi-iqtisadi siyasət şöbəsinin baş məsləhətçisi Nikolay Beleskov vurğulayıb.

Çox təəssüf ki, kollektiv Qərbin məkrli oyunlarının mahiyyətini ukraynalıların dərk etməsi üçün ölkənin böyük faciələrə düçar olması lazım gəldi. Bununla belə, hələ də Qərbin “səmimiyyəti”nə yağlı vədlərinə Ukraynada inananların sayı kifayət qədərdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   qurban  





Xəbər lenti