Erməni politoloq: "İstənilən ABŞ prezidentinin məqsədi Rusiyanı vurmaqdır"

      Erməni politoloq:    "İstənilən ABŞ prezidentinin məqsədi Rusiyanı vurmaqdır"
  21 Oktyabr 2024    Oxunub:720
"Fərqi yoxdur, hər bir ABŞ prezidenti Rusiyaya zərər yetirmək, onun nüfuzunu postsovet ölkələri üzərində nəzarəti gücləndirmək yolu ilə məhdudlaşdırmaq məqsədi güdür".
Bu sözləri Ermənistanın "Luys" informasiya və analitika mərkəzinin rəhbəri, politoloq Hayk Ayvazyan "RİA Novosti"yə açıqlamasında dilə gətirib. O, ABŞ-də növbəti ay keçiriləcək seçkilərin postsovet ölkələrində layihələrin maliyyələşdirilməsinə mümkün təsirinə dair sualı cavablandırıb:

"ABŞ birqütblü dünya modelini qoruyub saxlamağa, çoxqütblü dünyanın yaranmasının qarşısını almağa çalışacaq. Nəzərə alsaq ki, Rusiya çoxqütblü dünyanın formalaşmasının aparıcı qüvvəsidir, istənilən ABŞ prezidenti onu cilovlamağa çalışacaq. Vaşinqton bu məqsədlə postsovet ölkələri üzərində nəzarəti artırmağı da nəzərdən keçirə bilər", - o vurğulayıb.

Erməni politoloqun sözlərinə görə, seçkilərdə Donald Trampın qalib gəlsə belə, məsələn, Moldova, Ermənistan və Gürcüstanda layihələrin maliyyələşdirilməsi azalacaq.

"Bu, əlbəttə, ondan xəbər verə bilər ki, ABŞ-nin yalnız taktikası dəyişib, məqsədi isə eyni qalır. Vaşinqton Rusiyanı strateji cəhətdən üstələmək naminə istənilən ölkəni qurban verməyə hazırdır. Biz postsovet məkanının kiçik ölkələri kimi ABŞ-dəki seçkilərin nəticələrinə güvənməməli, Rusiya ilə münasibətləri dərinləşdirməli və ədalətli çoxqütblü dünya quruluşunun formalaşmasına daha fəal töhfə verməliyik", - Ayvazyan deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Rusiya   postsovet-ölkələri  





Xəbər lenti