Şarl Mişel Aİ-ni digər ölkələrə öyüd-nəsihət verməməyə çağırıb

   Şarl Mişel Aİ-ni digər ölkələrə    öyüd-nəsihət verməməyə    çağırıb
  25 Oktyabr 2024    Oxunub:683
Avropa Şurasının sədri Şarl Mişel Avropa İttifaqının (Aİ) nümayəndə heyətlərinin öyüd-nəsihətlərlə, Çinin isə infrastrukturla bölüşdüyünü vurğulayıb. Onun fikrincə, çoxları Rusiya və Çindən asılılığı azaltmaq istəyir, lakin Avropa bəzən həmin ölkələrə həqarətli yanaşma sərgiləyir.
AzVision.az xəbər verir ki, Şarl Mişelin fikrincə, Aİ Rusiya və Çinin Afrika, Latın Amerikası və Cənub-Şərqi Asiyada öz təsirlərini genişləndirmək cəhdlərinə qarşı durmağı planlaşdırırsa, strateji, ticarət və ya siyasi əməkdaşlıq barədə razılığa gəldiyi inkişaf etməkdə olan ölkələrə daha çox hörmət göstərməlidir.

“Biz əminik ki, nəyin doğru, nəyin yanlış olduğunu bilirik. Biz heç olmasa digər ölkələrin niyə fərqli düşündüyünü anlamağa çalışmırıq. Avropa səviyyəsində öyüd-nəsihət vermək refleksi var. Biz həmişə ünsiyyət qurmaqda, izahat verməkdə, onlarla danışmaqda və onlara hörmət göstərməkdə çox da yaxşı deyilik”, - Avropa Şurasının sədri Şarl Mişel “Financial Times” qəzetinə müsahibəsində deyib.

O, diqqəti digərləri ilə yanaşı, NATO üzvü, Aİ üzvlüyünə namizəd Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın, habelə Misir və BƏƏ kimi Avropaya tərəfdaş ölkələrin nümayəndələrinin da iştirak etdiyi BRİCS-in Kazanda geniş tərkibdə keçirilən sammitinə yönəldib. Misir nümayəndə heyətinin BRİCS-in Kazan sammitində iştirakı çox şey deyir, çünki bu dövlətin Avropa ilə sıx iqtisadi, ABŞ-la isə hərbi əlaqələri var. Amma Qahirə yenə də Kazanın xeyrinə seçim etdi ki, bu da dünyanın qalan hissəsi üçün bir siqnaldır.

Şarl Mişelə görə, Aİ digər ölkələrin onun standartlarına əməl etməsinə nail olmaq üçün bəzən tərəfdaşlara qarşı alçaldıcı yanaşma sərgiləyir. Məsələn, Aİ “sarı və ya “qırmızı vərəqə” lüğətindən istifadə edir. Buna görə də belə görünür ki, meydanda oyunçu olan Aİ, eyni zamanda həm də hakimdir.

- Bir dəfə Körfəz ölkələrindəki əmirlərdən biri mənə dedi ki, boşluq olsa, kimsə onu çox tez dolduracaq və sən orada deyilsənsə, başqası var. Bir çox ölkələr iqtisadi və müdafiə ittifaqlarını şaxələndirmək yolu ilə Çin və Rusiyadan asılılığını azaltmaq istəyirlər və Aİ-nin onları qazanmaq üçün yeni yanaşmalara ehtiyacı var”, - Şarl Mişel bildirib.

Avropa Şurasının sədri iki il əvvəl görüşdüyü Afrika ölkələrindən birinin prezidentinin ona dediyi ibrətamiz sözləri xatırlayıb.

“Həmin şəxs mənə dedi ki, siz avropalıların mənim ölkəmə gəlişindən öyüd-nəsihət qalır, çinlilər gələndə isə infrastruktur qalır. Mən demirəm ki, onlar haqlıdır və ya səhvdir. Sadəcə izah edirəm ki, başa düşmək üçün səy göstərmirik. İndiki yanaşma onları inandırmağa və təsir göstərməyə kömək etmədi”, - yüksək vəzifəli avropalı məmur təəssüflə vurğulayıb.

Qeyd edək ki, Avropa Şurası Aİ üzvü olan ölkələrin dövlət başçılarından və ya hökumət rəhbərlərindən ibarətdir. Bu qurum qanunvericilik funksiyalarını yerinə yetirmir, sadəcə, birliyin ümumi siyasi istiqamətlərini və prioritetlərini müəyyən edir. Avropa Şurasının sədri onu altı aydan bir və ya fövqəladə hallarda çağırır və qurumun rəhbəri kimi çıxış edir.
Hazırda qurumun rəhbəri olan Şarl Mişel noyabrın 30-da Avropa Şurasının rəhbəri postunu tərk edəcək.

Maraqlıdır ki, Avropa Şurasının sədri olduğu 5 il ərzində Şarl Mişel heç vaxt belə bəyanatlar verməyib. Yalnız postunu tərk etməyə bir təxminən bir ay qalmış Aİ-nin rəsmi strukturlarının hətta tərəfdaş elan etdikləri ölkələrlə necə rüsvayçı şəkildə davrandığını etiraf edib.

Yeri gəlmişkən, belə davranış bir çox Qərb ölkələrinin rəsmilərinə, habelə kollektiv Qərbin nəzarəti altında fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların təmsilçilərinə xas olan tarixi ənənədir. Azərbaycan xalqı təxminən 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədlərinin timsalında bu iyrənc ənənənin şahidi olub.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Mişel     öyüd-nəsihət  





Xəbər lenti