Qərb Gürcüstanda keçirilən parlament seçkilərinə münasibəti bildirib
“Beynəlxalq müşahidəçilər seçkilərin nəticələrini azad və ədalətli kimi tanımayıblar. Biz beynəlxalq normaların bütün pozuntularını pisləyirik və seçkilərlə bağlı bütün pozuntuların araşdırılması üçün beynəlxalq və yerli müşahidəçilərin çağırışlarına qoşuluruq” , - ABŞ-nin dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.
Qanun pozuntuları arasında o, “hakim partiyanın adminsitrativ resurslardan sui-istifadə etməsini, seçicilərə rüşvət verməsini və hədə-qorxu gəlməsini” sadalayıb.
Mahiyyət etibarı ilə son onilliklərdə Vaşinqtonun üzüyola vassalına çevrilmiş Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel də rəsmi Tbilisiyə Blinkenin bəyanatı ilə uzlaşan xəbərdarlıq ünvanlayıb.
- Biz Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər aidiyyəti qurumları üzərinə düşən vəzifələri yerinə yetirməyə, seçki pozuntularını və bununla bağlı iddiaları operativ, şəffaf və müstəqil şəkildə araşdırıb baxmağa çağırırıq. Bu pozuntular müəyyən edilməli və aradan qaldırılmalıdır. Bu, seçki prosesinə etimadın bərpası istiqamətində zəruri addımdır. Avropa İttifaqı ATƏT/DTİHB-nin yekun hesabatını və tövsiyələrini səbirsizliklə gözləyir”, - Jozep Borrel özünəməxsus pafosla bildirib.
Onun iddiasına görə, seçki prosesində “səsvermənin məxfiliyinin pozulması” və “son qanunvericilik dəyişikliklərinin səsverməyə təsiri ilə bağlı narahatlıqlar” kimi problemlər yaşanıb.
Qeyd edək ki, Gürcüstanın Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə əsasən oktyabrın 26-da keçirilmiş parlament seçkilərində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 54,08 faiz səslə qalib gəlib.
Lakin müxalifət seçkinin nəticələrini tanımadığını bildirib. Oxşar bəyanatla hazırkı prezident Salome Zurabişvili, eləcə də həbsdə olan eks-prezident Mixail Saakaşvili çıxış ediblər. Onlar ölkə sakinlərini mitinqlərə çıxmağa çağırıblar. Zurabişvili Gürcüstanın Avropa yoluna səs verən bütün seçicilərə təşəkkür edib.
- Sizin çox idiniz, siz bu seçkiləri qazandınız və heç kimin Avropa gələcəyini bizdən almağa haqqı yoxdur”, - Gürcüstan prezidenti deyib.
Salome Zurabişvili, həmçinin oktyabrın 28-də parlament binası qarşısında etiraz aksiyası keçirəcəyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az