Aİ-nin Çinin elektromobillərinə qarşı siyasətinə Pekin sərt reaksiya verib

   Aİ-nin Çinin elektromobillərinə qarşı siyasətinə  Pekin sərt reaksiya verib
  31 Oktyabr 2024    Oxunub:316
Avropa İttifaqının (Aİ) Çinin istehsal etdiyi elektromobillərə gömrük rüsumunu artırmasına cavab olaraq, Pekin ölkənin avtomobil şirkətlərinə Aİ iqtisadiyyatına sərmayə yatırımını dayandırmağı məsləhət görüb.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinadən “Reuters” agentliyinin yazdığına görə, rəsmi Pekin ölkənin avtomobil istehsalçılarına Çinin elektromobillərinə əlavə tariflərin tətbiqini dəstəkləyən Avropa ölkələrində istehsala əhəmiyyətli vəsait yatırmamağı təklif edib.

Bundan əvvəl Aİ Çinin elektriklə işləyən avtomobillərinə 35,3 faizədək əlavə tariflər tətbiq etmək qərarına gəlib və bu qərar oktyabrın 30-dan qüvvəyə minib. Qərarla razılaşmayan Çin hökuməti Ümumdünya Ticarət Təşkilatına (ÜTT) vəsadət verib. Pekin, həmçinin elektriklə işləyən avtomobillərin idxalına əlavə tariflərin tətbiqi məsələsində Aİ ilə danışıqları davam etdirmək niyyətində olduğunu açıqlayıb.

“Reuters” agentliyinin yaydığı məlumata görə, Çin tariflərlə bağlı Aİ ilə dialoqu davam etdirsə də, öz avtomobil şirkətlərinə əlavə tariflərin tətbiqini dəstəkləyən ölkələrə sərmayə yatırmaqdan çəkinməyi tövsiyə edir.

“Lakin Çinin SAİC dövlət şirkəti Aİ-də elektromobil istehsalı yaratmağı və Fransada ehtiyat hissələri mərkəzi açmağı planlaşdırır. “Chery” və “Dongfeng” kimi Çin avtomobil istehsalçıları ölkəyə potensial investisiyalar barədə İtaliya hakimiyyəti ilə danışıqlar aparır. Bununla belə, Fransa və İtaliya Çinin Avropanın avtomobil sənayesi üçün təhdid yaratmasından narahat olduqlarını bildirirlər ”, - agentlik yazır.

Qeyd edək ki, Fransanın narahatlığı heç də əsasız deyil. Belə ki, bundan Çin hakimiyyəti Avropadan brendi (tünd spirtli içki) tədarükünə yüksə rüsumlar tətbiq edib ki, bunun da böyük hissəsi məhz Fransadan idxal olunur.

Qeyd edək ki, bu məsələdə çox məharətli manevrlər edən Pekin Aİ ölkələri arasında ikitirəlik yaratmağa müvəffəq olur. Məsələn, Çinin avtomobil istehsalçısı olan “BYD” şirkəti əlavə tariflərin tətbiqinin əleyhinə səs verən Macarıstanda zavod tikir. İzafi xərclərlə bağlı narahatlıqlara görə şirkət hətta Avropadakı mənzil-qərargahını Hollandiyadan Macarıstana köçürmək barədə düşünür.

Çin, habelə mühərrik həcmi 2,5 litrdən çox olan avtomobillərə rüsumların artırılması imkanını nəzərdən keçirir. Belə avtomobillər Çinə əsasən Avropadan, alman avtomobil istehsalçıları tərəfindən göndərilir.

Almaniyanın avtomobil nəhəngləri böhranla üzləşib
Yeri gəlmişkən, Almaniyanın avtomobil istehsalçıları Çinin elektrik avtomobillərinə tətbiq olunan rüsumların artırılmasına qarşı kəskin şəkildə etiraz ediblər. Çünki hazırda Avropanın, xüsusən də Almaniyanın avtomobil şirkətləri artıq çətin günlər yaşayır. Məsələn, “Volkswagen” kimi nəhəng şirkət Almaniyada bir neçə fabrikini bağlayamağı və on minlərlə iş yerini ixtisar etməyi planlaşdırır. Halbuki, alman avtomobil sənayesində bir neçə onilliklər ərzində belə hal baş verməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin     elektromobillər  





Xəbər lenti