Jurnalistlər daha çox harada öldürülür?
BMT qeyd edir ki, münaqişələrin və digər böhranların artması ilə 2024-cü il bu təhlükəli zonalarda fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliyi, onların müdafiəsi ilə bağlı narahatlıqların daha geniş müzakirəsi daha aktual mövzuya çevrilib.
“Bir çox jurnalistlər, media peşəkarları və əlaqəli media işçiləri öz vəzifələrini çox təhlükəli kontekstlərdə yerinə yetirirlər. Həddindən artıq çox insan müstəqil, etibarlı və yoxlanıla bilən məlumat əldə etmək üçün ölüm, işgəncə, qeyri-qanuni həbs və adam oğurluğu daxil olmaqla ciddi problemlərlə üzləşir. Böhran və münaqişə zonalarından reportaj hazırlayan jurnalistlər öz çətin işlərini yerinə yetirərkən ciddi təhlükələrlə qarşılaşırlar. UNESCO 2017-ci ildən bəri münaqişə zonalarında öldürülən media işçilərinin sayının tədricən azaldığını qeyd etsə də, son vaxtlar bu tendensiya tərsinə çevrilib. Təşkilatın 2023-cü ildə apardığı monitorinqdə jurnalist qətllərinin 50 faizdən çoxunun böhran və münaqişə zonalarında baş verdiyi, 2024-cü ilin birinci yarısında isə davamlı olaraq artdığı göstərilir”, - BMT-nin saytında yerləşdirilən rəsmi bəyanatda vurğulanır.
Hesabatda bu faciələrin aysberqin yalnız görünən hissəsi olduğu iddia edilir. Belə ki, media infrastrukturu tez-tez zədələnir və ya məhv edilir, jurnalistlər fiziki hücumlar, həbslər, avadanlıqların müsadirəsi və ya reportaj saytlarına girişin qadağan edilməsi ilə üzləşirlər. Çoxları münaqişə zonalarını “səssizlik zonasına” çevirmək riski ilə qaçmağa və ya işlərini dayandırmağa məcbur olur.
- İstər münaqişə, humanitar fəlakətlər, istər iqlim, istərsə də sağlamlıq böhranları haqqında reportaj hazırlayan jurnalistlər qeyri-mütənasib təhdidlərlə və qətllər, işgəncələr, həbslər, habelə həm offlayn, həm də onlayn rejimdə hədə-qorxu və təqiblərə görə daha yüksək cəzasızlıq səviyyəsi ilə üzləşməkdə davam edirlər”, - media təmsilçilərinin, demək olar ki, hər gün rastlaşdıqları təhdidləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Həmçinin, BMT Beynəlxalq Jurnalistlərə Qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü ilə əlaqədar noyabrın 6-7-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə UNESCO və Afrika İttifaqının təşkilatçılığı ilə peşə vəzifəsini yerinə yetirərkən həlak olmuş media işçilərinin xatirəsinin anılması tədbirinin keçiriləcəyini açıqlayıb.
AzVision.az
Teqlər: BMT jurnalitlər qətllər