Pxenyan-Moskva yaxınlaşması Çini qorxudur - “The Economist”

   Pxenyan-Moskva yaxınlaşması Çini qorxudur -    “The Economist”
  03 Noyabr 2024    Oxunub:1310
Çin hakimiyyəti Rusiya ilə Şimalı Koreyanın yaxınlaşmasından narahat və narazıdır. Pekində belə hesab edirlər ki, Pxenyan Moskva ilə çox yaxınlaşsa, Çinin nəzarətindən çıxa bilər. Nəticədə Cənubi Koreya ilə daha aqressiv davranacağı da istisna deyil. Onların arasındakı konflikt isə Çinin sərhəddə yaxın şəhərləri üçün problemlər yaradacaq.
“The Economist” yazır ki, Çin məmurları Şimali Koreyanın Rusiyaya yardım üçün əsgər göndərməsinə birbaşa fikir bildirməkdən çəkinsələr də, bağlı qapılar arxasındakı söhbətlərdə Pxenyanın bu davranışı ilə bağlı tərəddüdlər keçirdiklərini gizlətmirlər.

Koreya Xalq Demokratik Respublikası (KXDR) Çinin ən böyük ticarət tərəfdaşıdır. Onlar 2024-ü “dostluq ili” elan ediblər. Buna baxmayaraq, son vaxtlarda Çinin ciddi nəzarət olunan milli sosial şəbəkəsində KXDR-in onların maraqlarına zərbə vurub-vurmayacağı ilə bağlı suallar artmaqdadır.

AzVision.az xatırladır ki, ötən ay Cənubi Koreya kəşfiyyatı KXDR-in Rusiyaya 1500 əsgər göndərməsi haqqında xəbər yaymışdı. Peykdən çəkilən şəkillərə əsasən, onların Uzaq Şərqdəki poliqonlarda təlim keçdikləri iddia olunurdu. Həmin şəkillərə münasibət bildirərkən Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, “əgər bu fotolar varsa, deməli, nədənsə xəbər verirlər”.

NATO-nun məlumatlarına görə, Şimali Koreya Kurskda Ukraynaya qarşı döyüşmək üçün əsgər göndərib.

Rusiya ilə KXDR arasında imzalanan strateji tərəfdaşlıq müqaviləsinə görə, tərəflərdən biri hücuma məruz qalarsa, digəri ona hərbi yardım etməyə borcludur. Bir neçə gün öncə Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Zoy Son Hi Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə belə demişdi: "Xüsusi hərbi əməliyyat başlayandan hörmətli yoldaş, dövlət işlərinin sədri Kim Çen In göstəriş verib ki, biz apardıqları müqəddəs müharibədə heç kimə və heç nəyə baxmayaraq, Rusiya xalqına və ordusuna dönməz, sarsılmaz dəstək verək".



Görüşdə Sergey Lavrov bildirmişdi ki, Qərb Çinin vasitəsi ilə Moskva-Pxenyan yaxınlaşmasına mane olmağa çalışır. ABŞ-ın dövlət katibi Entoni Blinkenin sözlərinə görə, bu haqda rəsmi Pekinlə dərin məzmunlu söhbətləri olub.

Tariyel Həsənov
AzVision.az




Teqlər: Çin   Koreya   Rusiya  





Xəbər lenti