Aİ öz hərbi blokunu yaratmaq istəyir

   Aİ öz    hərbi blokunu    yaratmaq istəyir
  04 Noyabr 2024    Oxunub:510
Avropa İttifaqı (Aİ) NATO-dan əlavə özünün də təhlükəsizlik təşkilatını yaratmalıdır.
AzVision.az xəbər verir ki, Avropa Parlamentinin (AP) sədri Roberta Metsola belə iddia ilə çıxış edib

“Avropa İttifaqı həmişə daha güclü, daha ardıcıl və effektiv olmalıdır. Məsələn, əsl təhlükəsizlik və müdafiə ittifaqının yaradılmasına gəldikdə, mən eyni şeyi deyirəm. Bizim çoxdan tələb etdiyimiz birlik NATO-nu tamamlayacaq və alyansla rəqabət aparmayacaq”, - Roberta Metsola “El Mundo” qəzetinə müsahibəsində deyib.

Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Avropanın son dərəcə qeyri-sabit vəziyyətin astanasında dayandığını vurğulayan AP-nin sədri bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkilərində kimin qalib gəlməsinə baxmayaraq Aİ hər şeyə hazır olmalıdır.

Trampın mümkün qələbəsi Avropanı narahat edir
Əslində Roberta Metsolanın daha çox gənclik maksimalizmindən qaynaqlanan bəyanatı Avropanın məhz ABŞ-da Donald Trampın Ağ Evə qayıda bilməsi qorxusunu da özündə evtiva edir. Belə ki, əvvəlki prezidentliyi indiki respublikaçı namizəd Aİ ölkələrini hərbi xərcləri artırmağa məcbur etdi. Donald Tramp elə indinin özündə də qalib gələcəyi təqdirdə NATO-nun avropalı üzvlərini əllərini ciblərinə salmağa hazır olmağa səsləyəcəyini bildirir.

Avropanın öz silahlı qüvvələrini yaratmağa gəlincə isə, böyük siyasətdə bərkə-boşa düşməmiş Roberta Metsolanın iddiasının heç bir effekti olmayacağı birmənalıdır. Çünki, indiyədək ondan qat-qat təcrübəli avropalı siyasətçilər zaman-zaman belə iddiaları gündəmə gətirsələr də, istəklərin reallaşması yönündə heç bir cəhd göstərilməyib. İlk növbədə ona görə ki, İkinci Dünya müharibəsindən sonra Avropanın Təhlükəsizlik arxitekturasının qurucusu və bugünədək də təminatçısı olan ABŞ onun vassalına çevrilmiş Aİ-nin müstəqil hərbi blok yaratmasında maraqlı deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Metsola   Avropa   təhlükəsizlik  





Xəbər lenti