Fukuyama Trampın qələbəsindən narahatdır
Onun iddiasına görə, seçicilər “qısamüddətli məsələlərə, o cümlədən inflyasiyaya” reaksiya kontekstində səs verirlər və “ ABŞ-da qanunun aliliyinin qorunması kimi uzunmüddətli, daha çox vacib məsələlər”lə maraqlanmırlar.
Avropa İttifaqında sağçı populistlərin daha da güclənməsini nəzərdə tutan Fukuyama Trampın Ağ Evə qayıtmasının bütün Avropa üçün çox pis presedent yaradacağını vurğulayıb.
“İndi daxil olduğumuz başqa “geosiyasi risklər” də var. Söhbət Ukraynanın hesabına Putinlə sülh sazişinin mümkünlüyündən gedir. Bundan əlavə, Vaşinqtonun Cənub-Şərqi Asiyadakı müttəfiqlərini Çindən qorumaq istəyəcəyinə əminlik yoxdur”, - ekspert xəbərdarlıq edib.
Bununla belə, o, vaxtından əvvəl irəli qaçmamağa və yekun nəticə çıxarmazdan əvvəl ABŞ-da keçirilən səsvermənin nəticələrini gözləməyə çağırıb.
Bundan əvvəl, sentyabrın 10-da Yalta Avropa Strategiyasının illik iclasında Fukuyama Rusiyanın Ukraynadakı müharibəsinin nəticələrinin təkcə qonşu ölkələr və region üçün həlledici olmayacağını bildirmişdi.
“Bu müharibənin nəticəsindən asılı olaraq, digər ölkələrdə də çox şey dəyişə bilər. Rusiya qalib gəlsə, duruş gətirsə və işğal etdiyi Ukrayna ərazilərini əldə saxlaya bilsə, Gürcüstan, Moldova və Qazaxıstan kimi ölkələrin hər biri dərhal bunun təsirini hiss edəcək”, - amerikalı analitik onda demişdi.
Xatırladaq ki, 1992-ci ildə “Tarixin Sonu və axırıncı İnsan” kitabının çapdan çıxması ilə o vaxt ABŞ Dövlıət departamentinin kiçik vəzifəli əməkdaşı olan Frensis Fukuyama qəfildən məşhurlaşdı. Həmin əsərdə Fukuyama liberal demokratiyaların bütün dünyada yayılmasının bəşəriyyətin sosial-mədəni təkamülünün son nöqtəsini göstərə və insan hakimiyyətinin son formasına çevrilə biləcəyini elan etdi. Başqa sözlə desək, onun iddiasıma görə, 1990-cı illərin əvvəllərinə dünyada liberalizmin siyasi alternativi qalmamışdı.
20-dən çox dilə tərcümə olunan “Tarixin Sonu və axırıncı İnsan” kitabı elmi ictimaiyyətdə və mediada geniş rezonans doğurdu. Bu baxımdan, onun sanballı tənqidçilərinin də sayı kifayət qədərdir.
Maraqlıdır ki, qeyri-mükəmməl, bir çox analitiklərin fikrincə isə tam yanlış olan, bu konsepsiyadan tam şəkildə imtina etməyən Fukuyamanın bəzi siyasi baxışları əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalıb. Məsələn, XXI əsrin əvvələrində o, karyerasının ilk dövründə möhkəm bağlı olduğu Amerika siyasətindəki neokonservativ hərəkatdan kəskin şəkildə uzaqlaşdı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Tramp qələbə Fukuyama narahatlıq