Trampın komandası Ukrayna ilə bağlı təkliflərini verib

   Trampın komandası Ukrayna ilə bağlı təkliflərini verib
  07 Noyabr 2024    Oxunub:749
Müşavirləri Trampa Ukraynanın silah dəstəyi ilə, lakin NATO-ya üzv olmaqdan imtina edərək cəbhə xətti boyunca hərbsizləşdirilmiş (demilitarizasiya) zona yaratmaqla münaqişəyə son qoymağı məsləhət görürlər.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçid administrasiyasının Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün yeni ssenarini müzakirə etdiyini yazıb. Planın 3 bənddən ibarət olduğu bildirilir.

1. Hazırkı cəbhə xətti dondurulur və bütün uzunluğu boyunca hərbsizləşdirilmiş zona (demilitarizasiya zonası) elan edilir. Onun təhlükəsizliyini kimin təmin edəcəyi bəlli deyil. Lakin qəzetin həmsöhbətlərindən biri Amerika qoşunlarının və ya BMT kontingentinin və ABŞ tərəfindən maliyyələşdirilən digər təşkilatların iştirakını istisna edib.
2. Ukrayna ən azı daha 20 il NATO-ya üzv olmaq planlarından imtina edir.
3. Bunun qarşılığında üçün ABŞ onun silahla təminatını davam etdirir.


Qeyd edək ki, demilitarizasiya zonası münaqişə tərəflərinin razılaşdırdığı, onlar tərəfindən işğal oluna və ya hərbi məqsədlər üçün istifadə edilə bilməyən ərazidir. Belə zonalar, məsələn, KXDR və Cənubi Koreya arasında var. Onun bir variantı isə Kiprdə mövcuddur, burada “yaşıl xətt” adlanan bu zona adanın türk və yunan hissələrini ayırır.

“Biz hərbçilərə təlim keçə və başqa dəstək verə bilərik, lakin bunu ilk növbədə Avropa ölkələri edəcək, biz amerikalı kişi və qadınları Ukraynada sülhü qorumaq üçün göndərmirik və bunun üçün pul ödəmirik. Bunu polyaklardan, almanlardan, ingilislərdən və fransızlardan xahiş edin”, – adının açıqlanmasını istəməyən respublikaçılar komandasının üzvü deyib.

WSJ qeyd edir ki, bu məlumat yeni seçilmiş vitse-prezident Cey Devid Vensin sentyabrda münaqişənin həllini necə təsvir etməsinə bənzəyir. Onun sözlərinə görə, Tramp ruslara, ukraynalılara, avropalılara üz tutaraq deyəcək: “Sülh nizamlanmasının necə olacağına siz qərar verməlisiniz”.

Vensin sözlərinə görə, saziş Rusiyanın keçmiş Ukrayna ərazilərini saxlamasını, hazırkı cəbhə xətti boyunca demilitarizasiya zonasının yaradılmasını və təkrar münaqişə olacağı təqdirdə Ukrayna qoşunlarının gücləndirilməsini nəzərdə tutur.

- Moskva Ukraynanın alyanslara qoşulmayacağına dair zəmanət alacaq. Ukrayna NATO-ya daxil olmur, heç bir müttəfiq qurumlara qoşulmur”, - yeni seçilmiş vitse-prezident vurğulayır.

Nəşrin həmsöhbətləri bildiriblər ki, Tramp müşavirlərin müxtəlif təkliflərinə baxmayaraq, münaqişəyə son qoymaq üçün həyata keçirəcəyi konkret planı hələ təsdiqləməyib.

“Qərarı yalnız Trampın özü öz çevrəsindən olan əsas köməkçiləri ilə məsləhətləşdikdən sonra, bəlkə də son anda verəcək və siyasətçinin nə qərar verəcəyini başqa heç kim dəqiq deyə bilməz”, - Donald Trampın ilk prezidentliyi dövründə onun Milli Təhlükəsizlik üzrə sabiq köməkçisi bildirib.

"Müharibələrə son qoyacağam" - Tramp
Qeyd edək ki, səslərin hesablanması zamanı çıxışında Tramp “dünyada müharibələri dayandıracağına” söz verib və bundan əvvəl də Ukraynadakı münaqişəni tez bir zamanda həll edə biləcəyini dəfələrlə açıqlayıb. Kreml isə respublikaçıların sülh təşəbbüslərini konkret işlər əsasında qiymətləndirəcəyini bildirib.

“WSJ”-nin proqnozuna görə, Trampın ilk prezidentlik müddətində olduğu kimi, fərqli baxışlara malik qruplar onun xarici siyasətinə təsir göstərmək üçün mübarizə aparacaqlar. Nəşr xatırladır ki, hazırda Müdafiə naziri postuna iddialı keçmiş dövlət katibi Maykl Pompeo kimi daha mötədil siyasətçilər, böyük ehtimalla, Rusiya üçün ciddi qələbə təsiri bağışlamayacaq nizamlanmada israr edəcəklər.

Digər müşavirlər, o cümlədən Riçard Qrenell (Dövlət katibi və ya Milli Təhlükəsizlik üzrə müşaviri vəzifəsinə əsas namizəd) münaqişəni mümkün qədər tez bitirmək üçün Ukraynanın əhəmiyyətli ərazi güzəştləri ilə razılaşa bilər.

Lakin Rusiya tərəfi Ukrayna ilə sülh danışıqlarının başlanması üçün “WSJ” mənbələrinin səsləndirdiyi şərtlərdən qismən fərqlənən öz şərtlərini irəli sürür: Ukrayna qoşunlarının Xerson vilayətinin sərhədlərindən, eləcə də Donbass respublikalarından çıxarılması (Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədləri çərçivəsində), Rusiyanın bu ərazilər və Krım üzərində suverenliyinin tanınması, beynəlxalq sanksiyaların ləğvi, Ukraynanın demilitarizasiyası , Ukraynanın NATO-ya qoşulmamaq və neytrallığa riayət etmək öhdəliyi.

- Zelenski rejiminin yaralarını sağaltması üçün Minsk razılaşmaları ilə ssenarinin təkrarı, cəbhənin dondurulması olmayacaq”, - Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya vurğulayıb.

Öz növbəsində, demilitarizasiya zonasının yaradılması ideyasına toxunan Rusiya prezidenti Vladimir Putin bunun Rusiyanın ərazisinin mizdən təhlükəsizliyini təmin edəcək qədər uzaq məsafədə olmasına diqqət çəkib. Başqa sözlə desək, bu zona ilk növbədə xarici ölkələrin Ukraynaya verdiyi uzaq mənzilli silahlar üçün əlçatmaz olmalıdır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Ukrayna   müharibə  





Xəbər lenti