NATO-da Ukraynanın müharibəni uduzduğunu düşünürlər

   NATO-da Ukraynanın    müharibəni uduzduğunu    düşünürlər
  07 Noyabr 2024    Oxunub:1126
NATO etiraf edir ki, Kiyev Rusiya ilə müharibədə uduzur və bunu açıqlayan Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsi Ukrayna ilə bağlı narahatlığı daha da artırır.
AzVision.az xəbər verir ki, Amerikanın “Foreign Policy” jurnalında dərc olunan materialda belə deyilir.

“NATO mənbələri və Qərbin təhlükəsizlik üzrə məmurları, demək olar ki, hamılıqla Ukraynanın tədricən müharibəni uduzduğu və bu qışın mühüm olacağı fikri ilə razılaşırlar. Trampın qələbəsi isə Ukrayna ilə bağlı narahatlığı yaknız gücləndirib”, - materialda vurğulanır.

Tramp daha əvvəl danışıqlar yolu ilə müharibəyə son qoya biləcəyinə söz vermişdi. O, Ukraynadakı müharibəni bir gündə bitirə biləcəyini dəfələrlə bəyan edib. Hərçənd, Moskva bu məsələni həlli o qədər də sadə olmayan mürəkkəb problem kimi qiymətləndirir.

Trampın komandası Ukrayna ilə bağlı təkliflərini verib
Qeyd edək ki, “The Wall Street Journal (WSJ)” nəşri mənbələrə istinadən hətta ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müşavirlərinin hətta Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı təkliflər planını hazırladığını da yazıb.

Maraqlıdır ki, bu arada, NATO-nun keçmiş baş katibi Foq Rasmussen Donald Trampın “gözlənilməzlik” xüsusiyyətinin Ukraynada sülhün əldə edilməsinin açarı ola biləcəyini vurğulayıb.


“İşləyə biləcək başqa bir yanaşma Trampın eqosuna müraciət etməkdir. Biz Trampın “gözlənilməzlik” xüsusiyyəti ilə onun qalib olmaq istəyinin birləşməsindən istifadə edə və bunu Ukraynada sülh prosesinin irəliləməsi üçün güclü formula çevirə bilərik. Tramp Putinə müharibəni dayandırmalı olduğunu deməlidir”, - “Politico” nəşri Rasmussendən sitat gətirir.

Lakin Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko ölkəsinin suverenliyi və əraziləri hesabına güzəştlərə getməyin qəti əleyhinə çıxaraq, Trampın “sülh planı”ndan narazılığını bildirməklə yanaşı, Kiyev üçün 5 “qırmızı xətt”in sərhədlərini müəyyənləşdirib.

1. Ukraynanın müstəqilliyi ilə bağlı heç bir güzəşt ola bilmzə, o, Rusiyanın təsir zonasına qayıtmayacaq;
2. Ukrayna Rusiyanın nəzarətinə keçən ərazilərdən heç vaxt imtina etməyəcək;
3. Kiyev Ukrayna Silahlı Qüvvələrinin gücünü məhdudlaşdırmağa razı olmayacaq, çünki bu, Ukrayna dövlətinin mövcudluğunun ən etibarlı və effektiv təminatçısıdır;
4. Öz ərazisi tam azad olunana qədər Ukrayna güzəştə və ya sanksiyaların ləğvinə gedə bilməz;
5. Ukrayna NATO-ya daxil olmaq üçün öz “ev tapşırığı”nı etməli və Trampı inandırmalıdır ki, müharibəni dayandırmaq yönündə alternativ kimi Kiyevin bloka üzvlüyü olmadan onun dedikləri baş tuta bilməz.



Əslində bütün sadalanan məqamlar, Qərbin və Kiyevin öz simalarını qoruyub saxlamaq şərti ilə Rusiyaya güzəçtə getməyə hazırlaşdıqlarından xəbər verir. Sadəcə, əsas problem bunu Ukrayna xalqına necə izah olunacağındadır. Bu cavabın məsuliyyətini isə kollektiv Qərb, sösüz ki, Ukrayna hakimiyyətinin üstünə atacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Rasmussen   Poroşenko  





Xəbər lenti