Avropa Gürcüstana təzyiq göstərmək üzərində fikirləşir

Avropa Gürcüstana    təzyiq göstərmək    üzərində fikirləşir
  07 Noyabr 2024    Oxunub:660
Avropa Şurasının qeyri-rəsmi sammitində Avropa liderləri Gürcüstanda keçirilən parlament seçkilərindən sonrakı vəziyyəti müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Şurasının (AŞ) prezidenti Şarl Mişelin Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderlərinə göndərdiyi dəvət məktubunda deyilir.

Sabah AŞ-nin Budapeştdə keçiriləcək qeyri-rəsmi iclasında liderlər transatlantik əlaqələri və BMT-yə dəstəyi müzakirə edəcəklər.

“ABŞ ilə münasibətlərimiz çox vacibdir və biz onları dərinləşdirməyə hazırıq. Strateji gündəliyə uyğun olaraq, biz prioritetlərimizi həyata keçirməyə davam etməli və güclü və suveren Avropa qurmaq üçün fəal işləməliyik. Biz, həmçinin seçkilərdən sonra Gürcüstandakı vəziyyəti və gələcək yolları da müzakirə edəcəyik”, - Şarl Mişel öz məktubunda yazıb.

Bu gün Budapeştdə habelə Gürcüstan da daxil olmaqla 47 dövlətin qatılacağı Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Bu sammitdə dövlət və hökumət başçıları Avropa təhlükəsizliyinə təhdidlər, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdə eskalasiya, qeyri-qanuni miqrasiya və qlobal ticarət məsələlərini müzakirə edəcəklər.

Sözügedən sammitlər ərəfəsində Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Polşanın baş naziri Donald Tusk Gürcüstandakı siyasi vəziyyətlə bağlı rəsmi Tbilisiyə qarşı təhdid məzmunlu birgə bəyanat yayıblar.

- Gürcüstan hazırkı kursunu dəyişməyincə və xüsusilə Avropa dəyərlərinə və prinsiplərinə zidd olan bu yaxınlarda qəbul edilmiş qanunvericiliyi geri götürməklə, nəzərəçarpacaq islahatların öhdəsindən gəlməyincə, biz Aİ-yə üzvlük danışıqlarının başlanmasını dəstəkləyə bilməyəcəyik”, - bəyanatda deyilir.

Eyni zamanda, bu gün, Aİ-nin doqquz ölkəsinin parlament komitələri Gürcüstandakı seçkilərlə bağlı beynəlxalq araşdırmaya və “seçki saxtakarlığına görə məsuliyyət daşıyan” siyasətçilərə və məmurlara qarşı sanksiyaların tətbiqinə çağıran bəyanat yayıb.

Orban: “Aİ-nin tənqidinə fikir verməyin”
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının qələbəsindən sonra Avropa liderləri arasında onu yalnız Macarıstanın baş naziri Viktor Orban təbrik edib. Gözlənilmədən Tbilisiyə gələn Orban bu qələbənin “Tbilisini mənasız müharibəyə sürükləməməyə” imkan verdiyini vurğulayaraq, rəsmi Tbilisini “gələcəkdə Macarıstanın strateji tərəfdaşlığına arxalana biləcəyinə” əmin edib.

Almaniya və Fransa da daxil olmaqla 13 Aİ ölkəsi Viktor Orbanın Gürcüstana getməsini “vaxtından əvvəl” edilən səfər kimi qiymətləndirərək, onun Aİ adından danışmadığını vurğulayıblar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Gürcüstan   Avropa  





Xəbər lenti