Berlin Kiyevə "Mini-Taurus" lar verəcək

   Berlin Kiyevə    "Mini-Taurus"   lar verəcək
  18 Noyabr 2024    Oxunub:252
Almaniya Ukraynaya istehsal etdiyi texnoloji yeniliyi – “Helsing” şirkətinin süni intellektə (Sİ) malik dörd min pilotsuz təyyarəsini verməyə hazırlaşır.
AzVision.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, artıq “Mini-Taurus” adı almış bu PUA-ların müasir sistemlərə malik olması onları Rusiyanın radio-elektron mübarizə sistemlərinə və GPS maneələrinə qarşı toxunulmaz edir.

Uzaq məsafəni vuran, 50 m-ə qədər yüksəklikdə uçan və sıx HHM sistemlərini dəf etmək üçün nəzərdə tutulmuş “Taurus” radarla aşkarlanması çətin olan “hava-yer” tipli raketdir. Belə raketlərin maksimal sürəti 900 km/saat, atəş məsafəsi 500 km-dir. Onlar 480 kq-a qədər partlayıcı daşımağa qadirdir.

Dronların çatdırılmasını Almaniyanın Müdafiə naziri Boris Pistorius da təsdiqləyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu PUA-lardan Rusiyanın əsas hərbi obyektlərinə, xüsusilə komanda məntəqələrinə və logistika mərkəzlərinə qarşı səmərəli istifadə edə biləcək. Berlinin də öz Bundesverində oxşar texnologiyaların tətbiqini nəzərdən keçirə bilməsi istisna olunmur.

İnsayderlər bir neçə yüz PUA-nın təhvil verilməsinə dekabrda başlanacağını açıqlayıblar. Bir neçə nümunə artıq Ukraynanın şərq vilayətlərində cəbhədə real döyüş şəraitində sınaqdan keçirilir.

“Mini-Taurus çətin hava və ya dağılmış infrastruktur şəraitində belə ərazini təhlil edir və obyektin yerini müəyyənləşdirir. Radio-siqnal itirilsə belə, bu, pilotsuz təyyarəyə tapşırığı yerinə yetirməyə imkan verir. Bu isə hədəfin vurulmasının dəqiqliyini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, alman pilotsuz təyyarələrinin uçuş məsafəsi adi Ukrayna kamikadze PUA-larından dörd dəfə böyükdür və eyni zamanda Qərb analoqlarından xeyli ucuzdur”, - materialda vurğulanır.

“Bild” nəşri bu dronların dəqiq qiymətini açıqlamasa da, “American Switchblade 600” PUA-sının qiyməti təxminən 100 min avro, rusiyanın istehsal etdiyi “Zala Lancet” PUA-sının dəyəri isə 35 min avrodur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Almaniya   Ukrayna  





Xəbər lenti