Ankara Ukraynada sülhə nail olmağa çalışacağını vəd edib

   Ankara Ukraynada sülhə nail olmağa çalışacağını vəd edib
  21 Noyabr 2024    Oxunub:312
Türkiyənin Xarici İşlər nazirliyi müharibənin dayandırılması mövzusunda Rusiya və Ukrayna ilə müntəzəm dialoqu davam etdirməkdə qərarlıdır və gələn il bu istiqamətdə çalışacaq.
AzVision.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan parlamentin Plan və Büdcə Komissiyasının iclasında belə bəyanatla çıxış edib.

“Biz Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün bütün sülh təşəbbüslərini dəstəkləyirik və hər iki tərəfin iştirakı ilə daimi həllə nail olmağın zəruriliyini bəyan etmişik. Biz tərəflərlə müntəzəm siyasi dialoq apararaq, ədalətli vasitəçilik rolunu oynayaraq sülhün təmin olunması üçün səylə çalışırıq”, - Türkiyə XİN-in rəhbəri deyib.

Ukraynadakı müharibənin birbaşa Türkiyəyə təsir göstərdiyini vurğulayan Hakan Fidan 2024-cü ildə müharibənin regional və qlobal nəticələrini yumşaltmaq, Türkiyə üçün riskləri aradan qaldırmaq istiqamətində Ankaranın öz səylərini davam etdirdiyini diqqətə çatdırıb.

- Qlobal ərzaq böhranının qarşısını alan Qara Dəniz Taxıl Təşəbbüsü sayəsində biz dünyaya 33 milyon tona yaxın taxıl çatdırmağa kömək etdik. Biz Qara dənizdə bazar qeyri-sabitliyinin və təhlükəsizliyin pisləşməsinin qarşısını almaq üçün səylərimizi bu dənizdə kommersiya daşımalarının təhlükəsizliyini təmin etməyə yönəlmişik”, - Türkiyə diplomatiyasının rəhbəri bildirib.

Suriyada nizamlanma prosesinə və Ankara ilə Dəməşq arasında normallaşma perspektivlərindən danışan Hakan Fidan Türkiyənin Astana platforması çərçivəsində Rusiya və İranla birgə göstərdiyi səylərin önəmli olduğunu vurğulayıb.

"Digər tərəfdən, Suriya ilə bağlı ABŞ ilə başladığımız məsləhətləşmələri də davam etdiririk. Bizim əsas gözləntimiz odur ki, prezidentimizin təklif etdiyi strateji dialoq rejim (Dəməşq hakimiyyəti) tərəfindən Suriya xalqına fayda gətirmək perspektivindən dəyərləndiriləcək. Türkiyə 2025-ci ildə Yaxın Şərqdə, Rusiya ilə Ukrayna arasında və Afrikada sabitlik və sülhün bərqərar olunması səylərini dəstəkləməyə davam edəcək”, - Türkiyə XİN-in rəhbəri Ankaranın qlobal və regional proseslərdə rəsmi yanaşmasını və məqsədlərini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Ukrayna   Afrika   YaxınŞərq  





Xəbər lenti