Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar

Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar
  23 Noyabr 2024    Oxunub:690
Çinli hakerlər Pekin və Vaşinqton arasında böyük böhran yaşanacağı təqdirdə Amerikanın kritik infrastrukturuna çıxış əldə etməyə cəhd göstərirlər.

AzVision.az xəbər verir ki, Amerikanın Kiberkomandanlığının icraçı direktoru Morqan Adamski belə bəyanatla çıxış edib.

“Çinlə əlaqəli kiber əməliyyatların məqsədi ABŞ ilə genişmiqyaslı böhran və ya münaqişə vəziyyətində üstünlük əldə etməkdir”, - Qərb mediası Arlinqtonda keçirilən “Cyberwarcon” kibertəhlükəsizlik konfransında xanım Adamskinin çıxışından sitat gətirib.

Bundan bir gün əvvəl ABŞ telekommunikasiya firmalarının Çinlə əlaqəli haker hücumuna məruz qaldığını iddia edən demokrat senator Mark Uorner, bunu ölkə tarixində görünməmiş bir hadisə kimi qiymətləndirib.

Federal Təhlükəsizlik Bürosunun (FTB) məlumatına görə, söhbət hələ 5 noyabr seçkilərindən əvvəl telefon danışıqlarıdakı qeydləri ələ keçirməyə, ABŞ prezidentliyinə namizədlərin hər iki seçki qərargahının kommunikasiya şəbəkələrinə nüfuz etməyə və telekommunikasiya sahəsində Amerika hüquq-mühafizə orqanlarının tələbi ilə toplanmış məlumatlara çıxış almağa nail olan “Salt Typhoon” haker qrupundan gedir.

Hələ bu il yanvarın sonunda FTB-nin direktoru Kristofer Rey Konqresin Nümayəndələr Palatasının xüsusi komitəsinə verdiyi açıqlamada Çin hökumətinə işləyən hakerlərin Amerikanın su təmizləmə sistemlərinə, elektrik şəbəkələrinə və nəqliyyat şəbəkələrinə nəzarət etmək üçün onlara qarşı kiberhücumlar həyata keçirdiklərini bildirmişdi.

Çin mediası isə daha əvvəl Çin və Qərb ölkələri, xüsusən “Beş göz” beynəlxalq kəşfiyyat mübadiləsi ittifaqı (ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya) arasında qarşılıqlı casusluq ittihamlarının artmaqda olduğunu yazmışdı.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çin   ABŞ   kiberhücum  





Xəbər lenti