Trampın mövqeyini Rusiyanın pulları dəyişə bilər

   Trampın mövqeyini    Rusiyanın pulları    dəyişə bilər
  25 Noyabr 2024    Oxunub:314
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı Ukraynadakı müharibəni 24 saat ərzində dayandıra biləcəyini deyib.
“Reuters” agentliyinin yazdığına görə, belə addımın əsas səbəblərindən biri kimi Tramp Vaşinqtonun Kiyevə hərbi və iqtisadi yardımı ödəməyə davam etmək istəmədiyini göstərir.
O zaman Tramp Avropanın maliyyə dəstəyi ilə, ola bilsin ki, Rusiyanın dondurulmuş valyuta ehtiyatlarından 300 milyard dollar cəlb edərək, münaqişəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə əlverişli şərtlərlə danışıqlar apara biləcəyinə eyham vurmuşdu.

“Bu perspektiv təkcə Ukraynanı deyil, həm də Avropa İttifaqını (Aİ) və Böyük Britaniyanı narahat edir. Kiyevin mövqeyini zəiflədən razılaşma bütün Avropanın təhlükəsizliyini təhlükə altına qoya bilər. Lakin analitiklərin fikrincə, Avropa Ukraynaya dəstək üçün əhəmiyyətli vəsait ayırmağa hazır olduğunu şərgiləsə, bu, Trampı öz planlarına yenidən baxmağa vadar edə bilər”, - agentliyin dərc etdiyi materialda bildirilir.

Avropadan gələn iqtisadi dəstək Putinə Qərbin “tükəndirmə” müharibəsini davam etdirməyə hazır olduğunu və uzun sürən münaqişəyə rəğmən, Ukraynanın cəbhə xəttini saxlamağa qadir olduğunu göstərə bilər.

Mümkün maliyyələşdirmə variantlarından biri Rusiyanın dondurulmuş aktivlərinin istifadəsidir. Lakin bu cür hərəkətlər hüquqi və siyasi maneələrlə üzləşir: Aİ ölkələri müsadirənin beynəlxalq hüququ poza və avroya inamı zəiflədə biləcəyindən ehtiyatlanırlar.

- Alternativ qismində Ukraynaya təzminat krediti vermək ola bilər ki, bu kreditdə Kiyev itkilərə görə kompensasiya üçün Rusiyaya öz iddialarını təqdim edəcək. Moskva ödəməkdən imtina edərsə, bu tələblər G7 ölkələrinə kedəcək və sonra onlar öz xərclərini dondurulmuş aktivlərlə kompensasiya edə bilərlər”, - agentlik mümkün variantlardan birinə diqqət çəkir.

Ekspertlərin fikrincə, belə yanaşma sayəsində Ukrayna uzunmüddətli dəstək alacaq, Qərbin müdafiə sənayesi güclənəcək və Tramp xarici siyasətdə “güc vasitəsilə sülh” yanaşmasını nümayiş etdirmək imkanı qazanacaq. Lakin bu planın həyata keçirilməsi bütün tərəflərin razılığını və əhəmiyyətli koordinasiya səylərini tələb edəcək.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tramp   Rusiya   Ukrayna  





Xəbər lenti