Taliblər Vaşinqtonu "Doha sazişi"ni pozmaqda günahlandırır

Taliblər Vaşinqtonu    "Doha sazişi"ni    pozmaqda günahlandırır
  10 Dekabr 2024    Oxunub:752
“Taliban” hərəkatının Qətərdəki siyasi ofisinin rəhbəri Süheyl Şahin ABŞ-ni Əfqanıstan nizamlanmasına dair 2020-ci ilin fevralında bağlanmış Doha razılaşmasını yerinə yetirməməkdə ittiham edib.
AzVision.az xəbər verir ki, Süheyl Şahin “Tolo news” portalına müsahibəsində Əfqanıstan İslam Əmirliyindəki ( indiki hökumətin dövründə dövlətə verilən ad red. ) bir sıra siyasi xadimlərin adının müqavilə imzalanandan üç ay sonra Amerikanın qara siyahısından çıxarılmalı olduğunu, lakin bu yöndə indiyədək heç bir tədbir görülmədiyini bildirib.

“Onlar söz verdilər ki, 3 ay ərzində qara siyahını siləcəklər, lakin bu edilməyib və hələ də mövcuddur. Onlar bu öhdəliyi yerinə yetirmədilər. ABŞ Əfqanıstanın yenidən qurulmasında iştirak və digər ölkələri buna təşviq edəcəyini bildirdi, lakin sazişin bu hissəsi də tamamlanmayıb. Əfqanıstana qarşı tətbiq edilən sanksiyalar hələ də qüvvədədir”, - xəbər portalı “Taliban” rəsmisinin dediklərini sitat gətirir.

Süheyl Şahinin sözlərinə görə, “Taliban”ın Qətərdəki siyasi ofisi Əfqanıstanın müxtəlif sahələrdəki mövqeyini beynəlxalq ictimaiyyətə izah edərək İslam Əmirliyi ilə dünya arasında əlaqə kanalı rolunu oynayır.

- Burada mən hər gün və ya bir gündən bir müxtəlif ölkələrin nümayəndə heyətləri ilə, xüsusən də Əfqanıstanda fəaliyytə göstərən on üç avropalı səfirlərlə görüşürəm. Biz onları Əfqanıstana səfərə gəlməyə təşviq etməyə çalışırıq. Onların bəziləri artıq belə səfərlər edərək, bizim yüksək vəzifəli şəxslərlə görüşüblər”, - portalın həmsöhbəti vurğulayıb.

Xatırladaq ki, ABŞ və “Taliban” arasında, daha çox “Doha sazişi” kimi tanınan Əfqanıstan Sülh müqaviləsi, bu ölkədə uzun sürən müharibə və zorakılığa son qoymaq üçün 29 fevral 2020-ci ildə Qətərin paytaxtı Dohada iki tərəfin nümayəndələri tərəfindən imzalanıb. ABŞ adından əvvəlki Tramp administrasiyasının xüsusi nümayəndəsi Zalmay Xəlilzad tərəfindən müzakirə edilən razılaşmada o zaman rəsmi Əfqanıstan hökumətinin nümayəndələrinin iştirakı nəzərdə tutulmayıb.

Məxfi əlavələrin daxil olduğu saziş 2021-ci ilin avqustunda Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələrinin süqutunun və “Taliban”ın Kabili ələ keçirməsinin əsas katalizatorlarından biri rolunu oynayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:





Xəbər lenti