BMT : Dünyada insan alveri qurbanlarının sayı yenidən artır

      BMT   : Dünyada insan alveri qurbanlarının sayı yenidən artır
  11 Dekabr 2024    Oxunub:389
Dünyada insan alveri qurbanlarının sayı COVID-19 pandemiyası dövründən sonra yenidən artıb.
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətlərlə Mübarizə idarəsinin illik hesabatında deyilir.

"156 ölkədən məlumatları əhatə edən yeni hesabatda narahatlıq doğuran tendensiyalar vurğulanır", - deyə BMT-nin mətbuat xidməti qeyd edir.

İnsan Alverinə dair Qlobal Hesabata əsasən, 2019-2022-ci illər arasında qurbanların sayı 25 faiz artıb. Əsas səbəblər yoxsulluq, silahlı münaqişələr və iqlim böhranıdır. Hansılar ki, insanları cinayətkarlar qarşısında həssas duruma salırlar. Xüsusilə uşaqların istismarı və məcburi əməyə cəlb edilmə hallarında artım qeydə alınıb.

“Cinayətkarlar getdikcə daha çox insanları məcburi əməyə, o cümlədən onlayn dələduzluq və kibercinayətlərə cəlb edirlər. Eyni zamanda qadınlar, qızlar cinsi istismar və gender əsaslı zorakılıq təhlükəsi ilə üzləşirlər”, – deyə BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə idarəsinin icraçı direktoru Qada Vali bildirib.

Bundan əlavə, 2022-ci ildə insan alverinə məruz qalan uşaqların sayı 2019-cu illə müqayisədə 31 faiz, qızlar arasında isə 38 faiz artıb. Qızların cinsi istismara daha çox məruz qaldığı yüksək gəlirli ölkələrdə də uşaq alveri artmaqdadır. Onların əksəriyyəti cinsi istismar üçün insan alverçiləri tərəfindən öz şəbəkələrinə cəlb edilir.

Oğlanların 45 faizi məcburi əməyə cəlb edilir, 47 faizi isə cinayətkar fəaliyyətə və dilənçiliyə məruz qalır.

Cinayət fəaliyyətinə, o cümlədən onlayn dələduzluğa cəlb edilmək məqsədilə həyata keçirilən insan alveri istismar növləri arasında üçüncü yerə yüksəlib. Bu göstərici 2016-cı ildə bir faiz olduğu halda, 2022-ci ildə səkkiz faizə çatıb.

Hesabatda insan alverinin dinamikasının regionlara görə fərqləndiyi göstərilir.

Şimali Amerika, Qərbi Avropa və Saxaraaltı Afrikada aşkar edilmiş halların sayı əhəmiyyətli dərəcədə artsa da, Cənubi Amerika, Şərqi Avropa və Mərkəzi Asiya kimi regionlarda göstəricilər hələ də pandemiyadan əvvəlki səviyyədən aşağı deyil.

Afrikada insan alveri ilə bağlı araşdırmalar çox vaxt nəzərdən qaçırılır, çünki orada məlumat toplamaq çətindir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi bütün qitə üzrə məlumat toplamaq üçün böyük səylər göstərib. Afrikanın əksər ölkələrində əsasən uşaqların məcburi əmək, cinsi istismar və dilənçilik məqsədilə alverinə daha çox rast gəlinir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: insanalveri   BMT  





Xəbər lenti