Tramp Kanadanı ABŞ-yə birləşməyə şirnikləndirir

Tramp Kanadanı ABŞ-yə    birləşməyə    şirnikləndirir
  26 Dekabr 2024    Oxunub:296
ABŞ-nin gələcək prezidenti Donald Tramp Milad günü ilə bağlı müraciətində, Kanadanın ABŞ-nin 51-ci ştatı olacağı təqdirdə, kanadalıların vergilərini iki dəfə azaldacığını vəd edib.
AzVision.az xəbər verir ki, Donald Tramp təbrikində Kanadanın baş naziri Castin Trüdonu hətta “qubernator” adlandırıb.

“Kanada qubernatoru Castin Trüdonun Milad bayramı mübarək. Onun vətəndaşlarının vergiləri çox yüksəkdir, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri ikiqat artacaq və onlar dünyanın heç bir ölkəsində olmadığı kimi qorunacaqlar”, - Amerikanın gələcək prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp, həmçinin “Panama kanalını qayğıkeşliklə, lakin qeyri-qanuni şəkildə idarə edən gözəl Çin əsgərləri”nin də Milad bayramını təbrik edib.

Xatırladaq ki, noyabrın 26-da Donald Tramp, Ottava və Mexikonun miqrasiya ilə bağlı vəziyyəti kökündən dəyişdirə bilməyəcəkləri halda, özünün andiçmə günü - 2025-ci il yanvarın 20-də Kanada və Meksikanın bütün mallarına 25% idxal rüsumları tətbiq edəcəyini açıqlayıb.

Tramp Kanadanı ABŞ-nin 51-ci ştatına çevirəcəyi ilə hədələyib
Dekabrın 3-də isə Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşü zamanı vurğulayıb ki, Ottava qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll edə bilməsə, ölkə ABŞ-nin 51-ci ştatı ola bilər.

Amerikanın bir sıra mətbu orqanlarının yaydığı məlumata görə, dekabrın 9-da Castin Trüdo, belə iqtisadi tədbirlər tətbiq olunacağı halda, cavab tədbirləri görəcəyini vəd edib. Kanadanın baş naziri mümkün sanksiyaları ölkəsinin iqtisadiyyatı üçün ədalətsiz və dağıdıcı hesab edib. Meksika prezidenti Klaudiya Şeynbaum da tariflərin tətbiq olunacağı təqdirdə cavab tədbirləri görməyə hazır olduğunu açıqlayıb.

Lakin Kanada rəsmilərinin bəyantlarına rəğmən, dekabrın 10-da Tramp artıq Kanada və Meksikanın ABŞ ştatlarına çevrilə biləcəyini söylədi. Dekabrın 17-də isə mətbuatda Kanadanın ABŞ-lə sərhədini qorumaq üçün 900 milyon dollar xərcləyəcəyi barədə məlumat yayıldı.

Sahil İsgəndərov
Aygün Xankişiyeva

AzVision.az




Teqlər:   Tramp   Kanada  





Xəbər lenti