Rusiya dəniz piyadalarını Kurskdan çıxarır

Rusiya dəniz piyadalarını Kurskdan    çıxarır
  28 Dekabr 2024    Oxunub:332
Potensialının və gücünün bərpa olunması üçün Rusiya ordusunun 810-cu briqadasının dəniz piyadaları Kursk vilayətini tərk edirlər.
AzVision.az xəbər verir ki, belə məlumat yayan “Şimal küləyi” Telegram-kanalı bunun Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinin Lqov şəhərinə zərbələr endirməsi ilə bağlı olmadığını bildirib.

“Qara dəniz piyadaları Sakit Okean dəniz piyadaları ilə birlikdə Kursk bölgəsinin azad edilməsində əsas, zərbə vuran yumruqlardır, polad briqadalardır, lakin hətta onlara da dincəlmək lazımdır. İtkilər bərpa olunacaq, döyüş koordinasiyası tamamlanacaq, sınaqlar keçiriləcək və onlar sahələrə qayıdacaqlar ki, yerinə yetirilməmiş işləri bitirsinlər”, - məlumatda deyilir.

Maraqlıdır ki, bu arada Rusiyanın Kursk vilayətindəki mövqelərini qoruyub-saxlayan ukraynalı hərbçilər, habelə bəzi məmurlar Kiyevin “Kursk gedişi”nin Ukraynanın bütün cəbhə xəttində mövqelərini zəiflədəcəyini düşünürlər. “Associated Press (AP)” agentliyinin həmsöhbətləri USQ-nin Kursk vilayətində əks-hücum etmək imkanlarının az olduğunu və Donbassda verilən itkiləri qeyd edirlər.

“Kursk vilayətindəki ukraynalı hərbçilər məğlubiyyət və işğal olunmuş ərazilərin itirilməsi riskinin artması səbəbindən qanını itirib və ruhdan düşüb”, - USQ-nin yeddi əsgərinə və komandirinə istinad edən “AP” yazır.

Daha beş Ukrayna və Qərb rəsmisi isə “Kursk mərc”inin bütün min kilometrlik cəbhə xəttində Ukraynanın mövqeyini zəiflədəcəyindən ehtiyat etdiklərini açıqlayıblar. Onların sözlərinə görə, bölgədə 5 aydır davam edən döyüşlər o qədər şiddətlidir ki, bəzi ölən ukraynalı əsgərlərin cəsədlərini çıxarmaq hətta mümkün deyil. Mənbələr həmçinin rabitə gecikmələrini, zəif taktikaları və USQ-nin əks-hücum etmək qabiliyyətinin az olmasını vurğulayırlar.

Bəzi hərbçilər Ukraynanın itkilərini və Rusiyanın Donbassdakı və irəliləyişlərini qeyd edərək, Kursk bölgəsinin işğalının “nə dərəcədə qiymətli” olub-olmaması sualını verirlər

- İndi hərbçilərin düşünə biləcəyi odur ki, Donbass sadəcə satılıb. Hansı qiymətə?”, – tağımlardan birinin komandiri sual edib.

Digər bir komandir isə “AP” agentliyinə hərbi rəhbərlərin bəzi əmrlərinin rabitə gecikmələri səbəbindən yerinə yetirilə bilmədiyindən şikayətlənib.

- Onlar bizim harada olduğumuzu, düşmənin harada olduğunu, nəyin bizim nəzarətimizdə olub, nəyin olmadığını anlamırlar. Onlar əməliyyat vəziyyətini başa düşmürlər, ona görə də biz özümüz hərəkət edirik”, - ukraynalı komandir bildirib.

Eyni zamanda, Ukrayna hərbçiləri “başqa variant olmadığı üçün” döyüşləri davam etdirəcəklərini vurğulayıblar. Çünki Ukraynanın sərhədlərinə çəkiləcəkləri təqdirdə, Rusiya qoşunları dayanmayacaqlar və irəliləməyə davam edəcəklər.

USQ-nin Ali Baş Komandanı Aleksandr Sırski bildirib ki, Kursk vilayətində döyüşən bölmələrin Rusiyanın əks halda Donbasda fəaliyyət göstərəcək qüvvələrini özünə cəlb etdiyini söyləsə də, ötən ay “Reuters” agentliyi USQ-nin Kursk vilayətində ələ keçirdiyi ərazilərin artıq 40%-ni itirdiyini yazmışdı.

“Bir neçə ay ərzində Ukrayna hərbçilərinin həmin ərazilərin qalan hissəsini də itirəcəyi istisna deyil ki, bu da Kiyevi Moskva ilə atəşkəs danışıqlarında “təsir imkanları”ndan məhrum edə bilər”, - amerikalı məmurlar “Bloomberg” agentliyi ilə söhbətdə ehtimallarını bölüşüblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   Kursk  





Xəbər lenti