Türkiyə mediası : Fransa növbəti Afrika ölkəsindən qovulur

      Türkiyə mediası   : Fransa növbəti Afrika ölkəsindən qovulur
  01 Yanvar 2025    Oxunub:888
Fransa tədricən Afrikadakı təsirini itirir. Kot-d'İvuar Fransa ordusunun "mövcudluğunun arzuolunmazlığını" rəsmi olaraq elan edən növbəti Afrika ölkəsi oldu.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr Kot-d'İvuarın Prezidenti Alassan Uattara istinadən yazır ki, Fransa kontingenti yanvar ayından başlayaraq tədricən Qərbi Afrika dövlətindən çıxarılacaq. Çad, Niger və Burkina-Faso hakimiyyətinin daha əvvəl Beşinci Respublika ordusunun çıxarılmasını tələb etdiyini xatırladan “Türkiyə” yazır ki, bu ölkədə 600 fransız əsgəri var.

Yazıda qeyd olunur ki, Afrikadakı keçmiş koloniyaların 70 faizindən çoxunda Fransanın hərbi mövcudluğu sona çatır. 1500 fransız əsgərinin yerləşdiyi Cibuti və 350 əsgər kontingenti ilə Qabon hələlik istisnadır.

Nəşr xatırladıb ki, Parisin Qərbi və Mərkəzi Afrikada təsirinin azalması ilə bağlı ilk siqnal 2013-cü ildən terrorizmlə mübarizə bəhanəsi ilə ölkədə olan 5 minə yaxın fransız hərbçisinin çıxarılması ilə bağlı Mali hakimiyyətinin tələbi olub.

Eyni zamanda, Fransa səfirini “persona non qrata” elan edən Niger hakimiyyəti ən sərt addımlar atıb. Böhran o həddə çatıb ki, Paris 2023-cü ilin dekabrında bu Afrika ölkəsindəki səfirliyini bağlamağa və 1500 əsgərini çıxarmağa məcbur olub.

AzVision.az



Teqlər:





Xəbər lenti