Fransa qırıcıları artıq Ukraynadadır?

Fransa qırıcıları artıq Ukraynadadır?
  04 Yanvar 2025    Oxunub:908
Fransanın istehsal etdiyi ilk üç “Mirage 2000-5F” qırıcısını Ukrayna yanvarın 20-nə qədər almalıdır. Lakin bəzi mənbələr təyyarələrin artıq Ukraynada olduğunu, lakin onların hələlik yalnız təlim uçuşları həyata keçirdiklərini bildirir.
AzVision.az xəbər verir ki, bu barədə məlumat yayan militarist “Avions Legendaires” portalı bu tipli cəmi on təyyarədə Ukrayna nişanlarının olacağını və bununla bağlı Fransa prezidenti Emmanuel Makron və Ukrayna lideri Volodimir Zelenski arasında uzun sürən danışıqlarda razılıq əldə edildiyini yazır.

“Ukrayna Hərbi Hava Qüvvələrinin pilotlarına bir nəfərlik qırıcının idarə olunmasını öyrənmək üçün bir neçə ay lazım idi. Bu, hələ də Ukraynada xidmətdə olan MiQ-29, Su-24, Su-25 və hər şeydən əvvəl Su-27-dən çox fərqlidir. “Mirage 2000-5F” ilkin olaraq digərləri ilə müqayisədə kiçik yüngül qırıcı kimi görünsə də, ukraynalı pilotlar onun həm də düşmən ərazisinə uçmaq üçün nəzərdə tutulmuş nəhəng bir təyyarə olduğunu tez başa düşdülər. Fransa “Mirage 2000-5F” təyyarəsini “SCALP-EG” və “Storm Shadow” qanadlı raketlərini daşıya və buraxa bilməsi üçün optimallaşdırıb”, - materialda deyilir.

“Dassault Aviation Mirage 2000-5F” Ukraynaya gətirilən ikinci Qərb qırıcısı olacaq. Ukrayna Silahlı Qüvvələrinin arsenalında artıq Amerikanın istehsal etdiyi F-16 təyyarələri də var.
Bununla belə, cəbhə xəttindəki vəziyyət nəinki Ukraynanın xeyrinə dəyişmir, hətta Rusiya qoşunları əhəmiyyətli dərəcədə irəliləyərək, yeni ərazilər ələ keçiriblər. Yeri gəlmişkən, Kiyevə sözügedən təyyarələri və digər silahları tədarük edən ölkələrin özləri bunun Ukrayna üçün bütün problemləri həll edəcək çarə olmayacağaını dəfələrlə vurğulayıblar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Fransa   Ukrayna   təyyarələr  





Xəbər lenti