Rusiya şəhərləri kütləvi PUA hücumlarına məruz qalıb

Rusiya şəhərləri kütləvi PUA hücumlarına məruz qalıb
  08 Yanvar 2025    Oxunub:454
Bu gecə pilotsuz təyyarələrin hücumundan sonra Rusiyanın Saratov vilayətinin Engels şəhərində partlayışlar baş verib.
AzVision.az xəbər verir ki, vilayətin qubernatoru Roman Busargin Saratov və Engels şəhərlərinin kütləvi hücuma məruz qaldığını, dağıntılar olduğunu, lakin heç kimin xəsarət almadığını bildirib.

Rusiya telegram-kanallarının məlumatına görə, söhbət pilotsuz təyyarənin vurulması nəticəsində güclü yanğının baş verdiyi neft anbarından gedir. “VÇK-OQPU” telegram-kanalı iddia edir ki, ilkin məlumatlara görə, Engelsdəki neft anbarına hücumda 30-dan çox PUA istifadə edilib.

Rusiyanın Müdafiə nazirliyinin açıqlamasında hava hücumundan müdafiə (HHM) qüvvələrinin ölkə səmasında Ukraynaya məxsus 32 PUA-nın vurduğunu bildirilir. Bunlardan 11-i Saratov, 4-ü Kursk və Rostov, 3-ü Belqorod və Bryansk vilayətləri, ikisi Krasnodar diyarı və biri Volqoqrad vilayəti üzərində məhv edilib. Daha 4 PUA isə Azov dənizi üzərində vurulub.

Eyni zamanda, Rostov vilayətinin qubernatoru Yuri Slyusar ötən gecə bölgədə Ukraynaya məxsus 5 pilotsuz təyyarənin vurulduğunu bildirib.

“Rostov vilayətində hava hücumundan müdafiə qüvvələri və vasitələri həmin gecə 5 PUA-nı məhv edib. Düşmənin hücumu Millerovski, Çertkovski və Azov rayonlarında dəf edilib.Tələfat və dağıntı yoxdur”, - Rostov vilayətinin qubernatoru vurğulayıb.

Qeyd edək ki, bu gecə kütləvi hava hücumuna məruz qalan Saratov və Engels şəhərləri Volqanın sağ və sol sahillərində bir-biri ilə üzbəüz yerləşir. TU-95 strateji bombardmançılarının yerləşdiyi aerodromun olduğu Engels şəhərinə Ukrayna dəfələrlə dronlar vasitəsilə hücum edib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Saratrov   Engels   PUA  





Xəbər lenti