Ermənistan Aİ yolunu seçir

Ermənistan Aİ yolunu seçir
  09 Yanvar 2025    Oxunub:413
Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesinə başlamaq üçün qanun layihəsinə xeyir-dua verib. Sənəd təsdiqlənmək üçün ölkə parlamentinə göndərilib.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan nazirlər kabinetinin iclasında sənədin parlamentdə təsdiq olunacağı təqdirdə, layihənin referenduma çıxarılacağını xatırladıb.

Eyni zamanda, Paşinyan Ermənistan vətəndaşlarının Aİ ölkələrinə viza alması ilə bağlı problemlərdən şikayətlənib. Onun sözlərinə görə, Ermənistan XİN və avropalı həmkarları buna səbəb kimi Avropaya gedənlərin sayının xeyli artdığını göstərirlər.

Bu arada ABŞ Dövlət departamenti “Amerikanın Səsi” radiostansiyasının erməni xidmətinin sorğusuna cavab olaraq bildirib ki, Vaşinqtonun Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalaması ilə bağlı “hazırda nəzərdən keçirməli və ya elan edilməli heç nə yoxdur”.

Halbuki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan dünən keçirdiyi mətbuat konfransında Ermənistan-Amerika əməkdaşlığının artıq strateji xarakter daşıdığını bildirərək, tərəflərin razılığı ilə qurulan strateji dialoqun münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıracağını vurğulayıb.

“Müvafiq sənəd və ya sənədlər müzakirə olunur, Ermənistan və ABŞ rəsmiləri arasında da görüşlər planlaşdırılır”, - Mirzoyan iddia edib.

Bu baxımdan, ABŞ Dövlət departamentinin “Amerikanın Səsi” radiostansiyasının erməni xidmətinə verdiyi cavab, Ermənistanın Xarici İşlər nazirinin ən azı arzuolunanı həqiqət kimi erməni cəmiyyətinə sırımağa çalışdığından xəbər verir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ermənistan  





Xəbər lenti