Vaşinqton WADA-nı Çin idmançılarına görə cəzalandırıb

      Vaşinqton WADA-nı Çin idmançılarına görə cəzalandırıb
  09 Yanvar 2025    Oxunub:391
Vaşinqton Ümumdünya Anti-dopinq Təşkilatına (WADA) illik üzvlük haqqı ödəmədiyi üçün ABŞ nümayəndələri WADA-nın icraiyyə komitəsində və təsis şurasında yer tuta bilməzlər.
AzVision.az USADA-nın (ABŞ-nin Milli Anti-dopinq Təşkilatı) mətbuat xidmətinin açıqlamasına istinadən xəbər veir ki, ABŞ hakimiyyəti WADA-nın 2024-cü il üçün üzvlük haqqını ödəməkdən boyun qaçırıb. ABŞ-nin Milli Narkotiklərə Nəzarət Siyasəti İdarəsi tərəfindən bu qərarı çinli üzgüçülərin gizlədilmiş dopinq nümunələri ilə bağlı qəbul edib.

WADA ilə əməkdaşlıq edən ölkələr arasında ən böyük üzvlük haqqını məhz ABŞ ödəyir. Bu, WADA-nın büdcəsinin 14%-ini - 3,6 milyon dollar təşkil edir. Təşkilatın bu il üçün büdcəsi isə 57,5 milyon dollardır.

“WADA-nın hazırkı rəhbərliyi təşkilatın fəaliyyətinin müstəqil auditi kimi bir neçə əsaslı tələbləri yerinə yetirmədikdən sonra ABŞ-nin başqa seçimi qalmadı. Belə halın bir daha təkrarlanmaması üçün WADA-da əhəmiyyətli islahatlar aparılmalıdır”, - USADA-nın bəyanatında deyilir.

WADA dekabrın 31-dək 2024-cü il büdcəsinə Birləşmiş Ştatlardan üzvlük haqqını almadığını təsdiqləyib. Təşkilatın nizamnaməsinə əsasən, haqqını ödəməmiş ölkənin hökumət nümayəndələri təsis şurasında və ya icra komitəsində iştirak etmək hüququna malik deyillər.

- Buna görə də, hər il yanvarın 1-də əvvəlki il üçün illik haqqı ödəməmiş ölkəni təmsil edən təsis şurasının və ya icraiyyə komitəsinin hər hansı üzvü avtomatik olaraq öz yerini itirir”, - WADA-nın rəsmi açıqlamasında bildirilir.

WADA-nın icraiyyə komitəsində ABŞ-nin yeganə nümayəndəsi Narkotiklərə Nəzarət Siyasəti üzrə Milli İdarənin rəhbəri Raul Qupta idi.

Xatırladaq ki, 2024-cü ildə “The New York Times (NYT)” qəzeti 2021-ci ildə sınaqdan keçə bilməyən 23 çinli üzgüçünün Tokioda Olimpiya Oyunlarının (2022-ci il) başlamasına az qalmış testlərinin müsbət çıxdığını yazmışdı. Bununla belə, WADA Çin idmançılarının bilməyərəkdən dopinq qəbul etməsi versiyası əsasında onlara qarşı sanksiyalar tətbiq olunmayıb. Bu zaman Çin tərəfi üzgüçülərin Pekin restoranında tərkibində steroid olan hamburger yediklərini əsas gətirib.

Qeyd edək ki, son 15-20 ildə WADA bir sıra ölkələrə qarşı qərəzli münasibət sərgilənməsi, onların boykot olunması və həmin ölkələrin idmançılarının beynəlxalq yarışlara buraxılmaması üçün çox əlverişli siyasi alətə çevrilib. Ondan alət kimi istifadə edən ölkələrdən, o cümlədən də ABŞ-dan olan idmançıların müsbət-dopinq testlərinə isə ən fantastik izahlarla bəraət qazandırılır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   WADA   büdcə  





Xəbər lenti