İrəvanın qonşu dövlətlərlə “dostluq” ritorikası

   İrəvanın qonşu dövlətlərlə    “dostluq”    ritorikası
  15 Yanvar 2025    Oxunub:353
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya da daxil olmaqla, İrəvanın qonşu ölkələrlə münasibətləri “dostluq” məcraında inkişaf etməsində maraqlı olduğunu bildirib.
Nikol Paşinyan sosial şəbəklərdə etdiyi paylaşımdan İrəvanın Rusiya, İran, Gürcüstan, habelə bölgədə möhkəmlənməyə çalışan Avropa İttifaqı ilə münasibətlərinin sözün əsl mənasında “dostluq” ruhunda inkişaf etdiyi illüziyası yaranır.

Rusiya-Ermənistan münasibətlərinin həmişəkindən daha praktik olduğunu iddia edən Paşinyan, İrəvan-Tehran əlaqələrinin də həmişəkindən daha mənalı məcrada getdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanın İarnla indiki münasibətlər itəbii maraqlara söykənir ki, bu da əməkdaşlığın ən etibarlı əsası və münasibətlərin sabitliyinin təminatıdır. İrəvanın Gürcüstanla strateji tərəfdaşlıq məcrasında apardığı münasibətlər isə, iki ölkə arasında əlaqələrin inkişafı üçün yeni perspektivlər və potensiallar açır.

Sözsüz ki, region dövlətləri ilə münsaibətlər kontekstində Ermənistanın baş naziri Azərbaycan mövzusunu kənarda qoymayıb.

- Ermənistan Respublikası Azərbaycanla münasibətlərdə bütün məsələlər üzrə konstruktiv həll yolları təklif edib. Təkliflər yox, məhz həll yolları”, - Paşinyan bildirib.

Paşinyan Rusiya ilə münasibətlərin "inkişafından" danışdı
Habelə, Türkiyə ilə qarşılıqlı anlaşmanın nəzərə çarpan əsasının formalaşdığını iddia edən Ermənistanın baş naziri ölkəsinin Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin indi həmişəkindən daha yaxın olduğunu və bunun Brüsseldə də qeydə alındığını vurğulayıb.

Amma, Brüssellə münasibətləri istisna etməklə, Ermənistanın qonşu ölkələrələ, xüsusən də Azərbaycan və Türkiyə ilə “dostluq” etməyə çalışdığı barədə Paşinyanın bəyanatı növbəti siyasi möhtəkirlikdir. Əks təqdirdə, hər iki dövlətlə münasibətlərin heç olmasa dinc qonşuluq məcrasına yönəldilməsi üçün Paşinyan hökuməti Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarıması barədə rəsmi Bakının haqlı tələbini çoxdan yerinə yetirərdi.

Moskva ilə münasibətlərə gəlincə isə, strateji tərəfdaşlıq haqqında ABŞ-Ermənistan sazişi imzalamaqla və Aİ-yə daxil olmaq barədə iddialar səsləndirməklə, onilliklər boyu ona havadarlıq etmiş, siysi-iqtisadi və hərbi baxımdan Ermənistanı ayaqda saxlamış Rusiyanı İrəvanın arxadan vurması bir çox incə mətləblərdən xəbər verir. Bu baxımdan, İrəvanın ənənəvi satqınçılıq siyasətindən Moskvanın artan narazılığı heç də təsadüfi deyil.

Tarixən ən çətin məqamlarda təcavüzkar Erməmistanı Rusiya kimi dəstəkləyən, ona hərtərəfli yardım göstərən, hətta indinin özündə belə İrəvanla müştərək layihələr həyata keçirən İrana münasibətdə də İrəvanın “dostluq” ritorikası boğazadn yuxarı deyilən sözlərdən başqa bir şey deyil. Belə ki, İrana qarşı son 40-45 ildə sərt sanksiyalar rejimi tətbiq edən kollektiv Qərbin indi öz yerini Ermənistanda möhkəmləndirməsi Tehranda ciddi narahatlıq doğurmaya bilməz.

Sərhəd mühafizəsi üzrə birgə tədbirlərin həyata keçirilməsi üçün Amerikanın gələn həftə Ermənistana xüsusi sərhəd təhlükəsizliyi qrupu göndərməsi barədə planı isə İrəvanın İrana qarşı “dostluq” hisslərinin ən bariz nümunəsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   qonşular  





Xəbər lenti