İsraildə daha bir nazir istefa verəcəyini açıqlayıb

   İsraildə daha bir nazir istefa verəcəyini açıqlayıb
  17 Yanvar 2025    Oxunub:403
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında HƏMAS-la atəşkəs və əsir mübadiləsi sazişinin hökumət tərəfindən rəsmən təsdiqlənəcəyi təqdirdə istefa verəcəyini, sədrliyindəki Yəhudi Gücü Partiyasının hökumətdən çəkiləcəyini bildirib.
Nazir bu barədə özünün "X" hesabında yazıb. O, Baş nazir Benyamin Netanyahuya hörmət bəslədiyini, amma bu qərarın "ölkəyə fəlakət gətirəcəyini" vurğulayıb.

"Əminəm ki, Netanyahu öz vəzifəsində qalacaq, amma mən gedəcəyəm. Çünki atəşkəs sazişi əlləri qanlı yüzlərlə terrorçunun sərbəst qalması, yeni cinayətlər törətməsi, İsrailin özünümüdafiə zərbə vurulması, qanımız bahasına çatdığımız uğurların puça çıxması deməkdir", - nazir söyləyib.

O, hökumətə yalnız "HƏMAS-la döyüşlər yenidən başlayarsa" qayıdacağını diqqətə çatdırıb:

"Hökuməti dəstəkləyirik, ancaq məğlubiyyətə bərabər razılaşmanın ortağı deyilik".
İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşdırılıb

Xatırladaq ki, ötən gün gecə saatlarında İsrail və HƏMAS arasında Qəzza zolağı atəşkəs elan olunub. Atəşkəs qərarı ölkə daxilində, xüsusən də döyüşlərdə həyatını itirən hərbçilərin ailələri tərəfindən etirazla qarşılanıb. Onlar bu qərar sayəsində əsir vətəndaşların öz vətənlərinə qayıtmalarını məqbul saysalar da, atəşkəsi "HƏMAS-a təslim olmaq" kimi dəyərləndirirlər. Hökumətdə də qərara qarşı çıxanlar var. Ben-Qvirlə yanaşı maliyyə naziri, Dini Sionizm Partiyasının lideri Betsalel Smotriç də atəşkəsi "milli təhlükəsizliyə zərbə" adlandıraraq, istefa verəcəyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   nazir   istefa   atəşkəs   etiraz  





Xəbər lenti