Politico: "Tramp hökuməti Qəzzada atəşkəsi qorumağa çalışır"

      Politico:    "Tramp hökuməti Qəzzada atəşkəsi qorumağa çalışır"
  22 Yanvar 2025    Oxunub:324
"Tramp administrasiyası Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında atəşkəs və əsir mübadiləsi sazişinin ikinci mərhələsi üzərində işə başlayıb".
Bu barədə ABŞ-nin Respublikaçılar Partiyasının adı çəkilməyən rəsmi nümayəndələri "Politico" onlayn qəzetinə açıqlama veriblər. Onlar bildirirlər ki, mərhələli razılaşmanı həyata keçirmək asan başa gəlməyəcək.

"Atəşkəs məsələsi üzrə Bayden administrasiyası ilə birgə işləyirdik. Hərçənd Baydenin bizə qoyub getdiyi şey "sonun başlanğıcı" yox, "başlanğıcın sonudur", - nümayəndələrdən biri vurğulayıb.

Məlumata görə, ABŞ-nin yeni milli təhlükəsizlik müşaviri Mayk Volts və Dövlət katibi Marko Rubio münaqişə tərəfləri ilə danışıqların əsas aparıcılarıdır.

Digər tərəfdən, Prezident Donald Trampın Qəzzada atəşkəsin davamlılığı barədə suala verdiyi açıq cavab onun və bilavasitə Vaşinqtonun məsələ ilə bağlı əsl mövqeyini aydın göstərir. Belə ki, o, Ağ Evdə jurnalistlərə müsahibəsində "Qəzza zolağında atəşkəs və əsir mübadiləsi üzrə razılaşmanın hər üç mərhələdə qüvvədə qalacağı"na şübhə ilə yanaşdığını diqqətə çatdırıb.
Al Jazeera: "Qəzzada yenidən müharibə başlasa, ABŞ neytral qalacaq"

"Bu artıq bizim yox, onların (İsrail və HƏMAS-ın - red.) müharibəsidir. Əmin deyiləm, ancaq düşünürəm ki, hər iki tərəf çox zəifləyib", - Tramp söyləyib.

Qətərin Doha Magistratura Araşdırmaları İnstitutunun professoru Məhəmməd Əl-Misri ABŞ liderinin bu sözlərinə dair "Al Jazeera" xəbər agentliyinə açıqlama verib. Onun fikrincə, Trampın dedikləri ABŞ-nin "əllərini yuyub meydandan çəkilməsi"nə dair bəyanat kimi başa düşülə bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Qəzza   atəşkəs  





Xəbər lenti