Saar: "İsrail HƏMAS-la əlaqədar güzəştə getməyəcək"

      Saar:    "İsrail HƏMAS-la əlaqədar güzəştə getməyəcək"
  23 Yanvar 2025    Oxunub:368
"İsrail Fələstinin HƏMAS qruplaşmasının hərbi və idarə imkanlarını aradan qaldırmaq məqsədində güzəştə yol verməyəcək".
Bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar Macarıstanın paytaxtı Budapeşt şəhərində həmkarı Peter Siyyarto ilə birgə mətbuat konfransında çıxışı zamanı dilə gətirib. O vurğulayıb ki, "Qəzza zolağında üçmərhələli atəşkəsin uğurlu davamına zəmanət yoxdur".

"HƏMAS liderləri açıq-aşkar bildirirlər ki, İsrailə 2023-cü il oktyabrın 7-də baş vermiş ölümcül hücumu təkrarlamaq niyyətindədirlər. Odur ki onların bu, ya digər hərbi potensialına imkan verməmək lazımdır. Məqsədləri aydındır: yəhudi dövlətinin ləğvi", - nazir söyləyib.

(İsrailin xarici işlər naziri Gideon Saar macar həmkarı ilə. Budapeşt şəhəri, 23 yanvar 2025-ci il)

Saar diqqətə çatdırıb ki, postmüharibə dövründə Qəzzanın idarəsinin HƏMAS-da qalması yolverilməzdir.

"HƏMAS terrorçuları hakimiyyətdə qaldıqca Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitlik qeyri-mümkündür", - o deyib.
Saar: "Atəşkəs baha başa gələcək"

Digər tərəfdən, dünən İsrailin "Walla" xəbər saytına açıqlamasında adı gizli saxlanılan rəsmi hökumət nümayəndəsi də oxşar ifadələr səsləndirib.

"Misir son həftələrdə Fələstin fraksiyaları ilə birgə Qəzzanın potensial idarəçisi kimi "mülki komitə" yaratmaq üzərində işləyir", - deyən hökumət nümayəndəsi Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Saninin çağırışını dəstəkləyərək, Qəzza zolağında atəşkəsin ikinci mərhələsi üzrə danışıqların tezliklə başlamasının vacibliyini vurğulayıb.

Məlumat üçün bildirək ki, ABŞ, Qətər və Misir ötən ilin 7 oktyabrında başlayan İsrail-HƏMAS müharibəsinin həlli üzrə danışıqların əsas vasitəçiləridir. "Politico" onlayn qəzetinin xəbərinə görə, ABŞ də tərəflər arasında atəşkəs və əsir mübadiləsi sazişinin ikinci mərhələsinə hazırlaşır. ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Volts və Dövlət katibi Marko Rubio danışıqların aparıcıları kimi göstərilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   münaqişə   danışıqlar  





Xəbər lenti