Qeyri-leqal miqrantlar kütləvi şəkildə ABŞ-dən çıxarılır

   Qeyri-leqal miqrantlar kütləvi şəkildə ABŞ-dən çıxarılır
  24 Yanvar 2025    Oxunub:411
Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasından bir neçə gün sonra Amerika hakimiyyəti ölkədə qeyri-qanuni yaşayan miqrantların kütləvi şəkildə çıxarılmasına başlayıb.
AzVision.az xəbər verir ki, Donald Trampın mətbuat katibi Kerolayn Livitt “X” sosial şəbəkəsindəki səhifəsində ölkəyə qanunsuz daxil olan 538 nəfərin artıq saxlanıldığını, yüzlərlə belə adamın ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələrində Amerikadan çıxarıldığını bilririb. Onun sözlərinə görə, indi “tarixin ən böyük deportasiyası baş verir”.

538 nəfərin saxlandığını təsdiqləyən ABŞ-nin Sərhəd agentliyi onlardan 373-ü haqqında həbs orderi verildiyini açıqlayıb.

“Nyuark şəhərinin (Nyu-Cersi ştatı) meri Ras Barakanın dediyinə görə, ICE sərhəd xidmətinin əməkdaşları axtarışlar apararaq, həbs barədə order təqdim etmədən sənədsiz sakinləri və ABŞ vətəndaşlarını saxlayıblar. Mer saxlanılanlardan birinin Amerika ordusunun veteranı olduğunu qeyd edib”, - Almaniyanın “Deutsche Welle” agentliyi bildirir.

22 ştat Trampın əleyhinə çıxıb
ABŞ-də qeyri-qanuni miqrasiya probleminin həlli Donald Trampın seçki kampaniyası zamanı verdiyi əsas vədlərdən biridir. Yanvarın 20-də keçirilən andiçmə mərasimində o, “milyonlarla və milyonlarla” sənədsiz miqrantın planlaşdırılmış kütləvi deportasiyasını həyata keçirəcəyini açıq şəkildə bildirib və ölkəyə “fəlakətli işğalı dəf etmək” üçün ABŞ-nin cənub sərhədinə hərbçilərin göndərilməsi barədə xəbərdarlıq səsləndirib.

Onun imzaladığı fərmanlar qaçqınların köçürülməsi proqramlarını dayandırıb və miqrant uşaqların ABŞ-də doğuş hüququ əsasında Amerika vətəndaşı olmaq hüququnu ləğv edib. Daha sonra məhkəmə doğum hüququna əsasən vətəndaşlığı məhdudlaşdıran fərmanı bloklayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   miqrantlar   deportasiya  





Xəbər lenti